Yuxarı

Qırğız deputat: "Biz Qərb mədəniyyəti və tarixindən əvvəl özümüzkünü öyrənməliyik"

Qırğız deputat: "Biz Qərb mədəniyyəti və tarixindən əvvəl özümüzkünü öyrənməliyik"

"Türk xalqları, ilk növbədə, bir-birilərinin tarixi şəxsiyyətlərini tanımalı, sonra qərblə maraqlanmalıdırlar". 

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Qırğız Respublikası parlamentinin Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədri Sadık Şer-Niyaz UNESKO-da keçirilən “Böyük Çöl: onun mədəni irsi və dünya tarixində rolu” adlı beynəlxalq forumda deyib. 

Onun sözlərinə görə, türk xalqları dünya sivilizasiyasına ortaq miraslar bəxş edib: "Biz, ilk növbədə, bu tarixi, mədəniyyəti, mənəvi liderləri, yazıçıları tanımalıyıq. Türk və türkdilli xalqlar bir-biriləri haqqında daha ətraflı məlumatlandırılmalıdırlar. Biz Qərb mədəniyyəti və tarixindən əvvəl özümüzkünü öyrənməli və təbliğ etməliyik". 

Qırğız deputat Azərbaycanın zəngin mədəniyyətinə də toxunub və hər kəs tərəfindən tanınmasının vacibliyini bildirib. "İmaməddin Nəsimini, Polad Bülbüloğlunu və Azərbaycanın digər istər tarixi, istərsə də müasir mədəniyyətinə öz töhfəsini vermiş şəxsiyyətlərini bütün türk xalqları tanımalıdırlar. Həmin şəxsiyyətlər bütün türk sivilizasiyasının birgə tarixinin ayrılmaz hissəsidir".

S.Şer-Niyaz türkdilli dövlətləri birləşməyə və bu zəngin tarixi daha artıq təbliğ etməyə çağırıb: "Bu tədbir türkdilli xalqların tarixində yeni dönüş mərhələsi olacaq". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi