Qəbələ VII Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla başa çatıb - FOTO

Qəbələ VII Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla başa çatıb - FOTO Qəbələ bir neçə gün ərzində dünyanın musiqi paytaxtına çevrilib
Mədəniyyət siyasəti
31 İyul , 2015 23:31
Qəbələ VII Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla başa çatıb - FOTO

Bakı. 31 iyul. REPORT.AZ/ Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti olub.

Azərbaycanın mədəni həyatında ən önəmli hadisələrindən biri olan bu festival zəngin proqramı və dəyərli qonaqları ilə yadda qalıb.

Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan Qəbələ VII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti də anşlaqla keçib. Nazir və Milli Məclis deputatlarının, xarici ölkələrin ölkəmizdəki səfirlərinin, dövlət və hökumət nümayəndələrinin iştirak etdiyi festivalın bağlanış mərasimində Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri, “Şöhrət” ordenli Fəttah Heydərov çıxış edərək Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil edilən Qəbələ VII Beynəlxalq Musiqi Festivalının ölkəmizin həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. Fəttah Heydərov festivalın təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib, festivalın böyük əks səda doğurduğunu qeyd edib.

Fəttah Heydərov 12 ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların qatıldığı Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertlərdə iştirak edən xarici qonaqların Azərbaycanla daha yaxından tanış olduqlarını vurğulayıb. O əlavə edib ki, bu festival Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində mühüm addımdır. Festival yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Fəttah Heydərov bu festivalın tezliklə Qarabağda, Şuşada qeyd olunmasını arzulayıb.

Festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli Mehriban Əliyevaya festival iştirakçıları adından təşəkkürünü bildirib. O diqqətə çatdırıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. 2009-cu ildən ənənəvi olaraq hər il keçirilən bu musiqi festivalı ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurur. İyulun 25-dən başlayaraq 31-dək qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edib.

Sonda “Moskva Virtuozları” Kamera Orkestrinin direktoru Qriqori Kovalevski çıxış edərək Azərbaycan xalqını bu musiqi bayramının uğurla başa çatması münasibətilə təbrik edib.

Festival möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi