“Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə infotur təşkil olunub

“Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə infotur təşkil olunub İnfoturda ölkədə fəaliyyət göstərən 100-ə yaxın yerli turizm şirkətinin təmsilçisi və media nümayəndələri iştirak ediblər
Mədəniyyət siyasəti
24 May , 2016 17:32
“Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə infotur təşkil olunub

Bakı. 24 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası, “Synergy Hospitality” və "AtaTravel"-in birgə təşkilatçılığı ilə “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinə infotur təşkil olunub.

"Report" xəbər verir ki, infoturda ölkədə fəaliyyət göstərən 100-ə yaxın yerli turizm şirkətinin təmsilçisi və media nümayəndələri iştirak edib.

İnfoturun keçirilməsində əsas məqsəd “Qalaaltı Hotel & SPA”sağlamlıq və istirahət mərkəzinin turizm potensialının tanıdılması və eyni zamanda ölkənin sağlamlıq turizminin daha geniş təbliğ olunmasıdır.

İnfotur iştirakçıları yüksək dağlıq ərazidə, tarixi bir yerdə və əsrarəngiz təbiət qoynunda yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksi və onun təqdim etdiyi çeşidli, unikal xidmətlərlə ətraflı tanış olublar.

Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında yerləşir. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur “Qalaaltı” kurortunun bazasında inşa edilib. Təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər var.

Daha sonra "Qalaaltı Hotel & SPA" sağlamlıq və istirahət mərkəzinin turizm imkanları və ölkənin sağlamlıq turizminə həsr olunan "dəyirmi masa" keçirilib. Konfransda çıxış edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev son illər ərzində turizm təşkilatları və media qurumları arasında yaranan peşəkar əlaqələrin Azərbaycan turizminin təbliğ olunması və ölkədə turizmin inkişafına öz töhvəsini verdiyini deyib: "Azərbaycanın sağlamlıq turizmi ilə bağlı ənənələri mövcuddur. Bu ənənələri bərpa edərək yeni innovativ sistemləri təqdim etməklə daha da geniş coğrafiyada tanıtmaq mümkündür. Başlıca məqsədimiz ölkəmizin bu sahədə potensialını daha geniş şəkildə təbliğ etməkdir. Ölkəmizdə sağlamlıq turizminin mirvarisi sayılan "Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzi Avropa Termal Tarixi Şəhərlər Assosiasiyasının üzvü seçilib. Ölkədə fəaliyyət göstərən sağlamlıq və istirahət mərkəzlərindən məhz “Qalaaltı”nın Avropanın termal şəhərlər xəritəsinə düşməsi onun imkanlarına və turizm axınına müsbət təsir göstərəcək".

Sağlamlıq turizminin digər turizm növlərindən fərqləndirən əsas cəhət 365 gün fəaliyyət göstərməsidir.

Beləki burada gecələmə müddəti 7-21 gün təşkil edir. Bu da sağlamlıq turizmindən gələn gəlirlərin daimi və yüksək olmasını təmin edir. Bu ilin aprelində Çexiyanınm Karlovı Varı şəhərində bununla bağlı böyük təqdimat keçirilib. Məqsəd, Naftalan və Qalaaltı kimi termal-müalicəvi mərkəzlərin təqdim etdiyi unikal imkanları dünya turistlərinə təqdim etməkdir.

Konfransda bildirilib ki, bu gün dünyada baş verən ümumi böhran, turizm sahəsinin inkişafını daha da aktuallaşdırıb. Bu baxımdan turizm, ölkəmizin iqtisadi gəlirlər sferasında çox mühüm yer tutmağa başlayıb. O cümlədən, adlarını çəkdiyimiz turizm mərkəzlərinin yerləşdiyi bu bölgə ekoturizm, dəniz, sağlamlıq və işgüzar turizm növləri üçün çox əlverişli imkanlar yaradır.

Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin direktoru Turqay Arı Naftalan və Qalaaltı dünyada çox unikal turizm imkanlarına malik olduğunu və bu baxımdan yalnız Truskavetslə müqayisə oluna biləcəyini deyib: “İstər Qalaltıda, istərsə də Naftalanda bu baxımdan son texnologiyalara dayanan unikal turizm mərkəzlərimiz var – Qalaaltı Hotel & SPA”və “Naftalan-Çinar”. Bu mərkəzlərdə yüksək səviyyəli istirahətdən əlavə, çox effektli müalicəni təmin edən gözəl şərait və çox peşəkar həkimlər var. Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzində hazırkı dövr üçün çox münasib qiymətə - iki nəfər üçün 130 manata burada bir günlük yüksək səviyyəli istirahət mümkündür. Bu qiymətə iki nəfər üçün 3 dəfə yemək, istirahət və əyləncə daxildir. Müalicə daxil olmaqla qiymətlər isə belədir: “Superior” otaqlarda 7 günlük “single” üçün 614, “double” üçün 939, 14 günlük “single” üçün 1 100, “double” üçün 1 669, 21 günlük “single” üçün 1 562, “double” üçün 2 360, “suit” otaqlarda isə müvafiq olaraq 926, 1 370, 1 727, 2 532, 2 498 və 3 653 AZN təşkil edir. Buradakı əyləncə mərkəzi çox genişdir və 5 400 kvadratmetr ərazini əhatə edir”.

Qalaaltı Hotel & SPA” sağlamlıq və istirahət mərkəzinin baş həkimi Vahid Əliyev isə bildirib ki, hələ sovetlər dönəmində bu yerlərə ittifaqın hər yerindən insanlar müalicə və istirahətə gəlib: “Hələ o vaxtlar buradakı sanatoriya göstərdiyi xidmətlərə görə çox yüksək səviyyəli diplomlar alıb. Qalaaltı suyu çox müalicəvidir və neft tərkiblidir. Burada iki cür bulaq-maye mənbəyi var – bir biri ilə yanaşı olan neft və su bulaqları. Bu su müəyyən müalicə məqsədilə, əsasən uroloji xəstəliklər üçün olduqca faydalıdır. Sidikqovucu, böyrəkdaşlarının çıxarılması, həzm və ifrazat sistemlərinin müalicəsində əvəzsizdir. Həmçinin mərkəzin quru iqlimli yüksəklikdə olması, ürək, oynaq xəstəlikləri və digər xəstəliklərin müalicəsinə də çox ciddi imkanlar yaradır. Bundan başqa, burada yaxın zamanlarda skayloz, raxit və digər xəstəliklərlə bağlı uşaqların müalicəsi üçün olduqca yüksək şərsait yaradılacaq və belə xəstəlikləri olan uşaqların müalicəsini həyata keçirəcəyik”.

O qeyd edib ki, müalicə seksiyasına qəbul olunanlar öncə ən müasir üsullarla hərtərəfli müayinə olunduğunu nəticədə üzə çıxan xəstəliklərə əsasən, müalicəyə götürüldüyünü deyib: "Burada böyrək daşları cərrahi əməliyyatsız düşürülür. Burada müalicə ilə yanaşı xəstələrin gəzintisi və idmanı təşkil olunur. Böyrək xəstəliklərinin ölkəmizdə və dünyada çox geniş yayılmış və ağır xəstəliklərdən olduğunu nəzərə alsaq, bu mərkəzdə təbii yollarla və üsullarla bu xəstəlikdən azad olması çox böyük göstəricidir".

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Sərxan Rəsulov son illərdə nazirliyin bölgələrə ardıcıl info-turlar həyata keçirdiyini bildirib.

Qeyd edək ki, Qalaaltı Sağlamlıq və Turizm Mərkəzində 200 nəfər daimi işçi çalışır. Mərkəz bir ildir ki, fəaliyyətə başlayıb. Buraya artıq xarici turistlər gəlir. MDB və Avropa ölkələrindən gələn turistləri xüsusilə qeyd etmək lazımdır. 

Son xəbərlər

Orphus sistemi