Prezident İlham Əliyev SSRİ xalq artisti Murad Kajlayevə təbrik məktubu göndərib

Prezident İlham Əliyev SSRİ xalq artisti Murad Kajlayevə təbrik məktubu göndərib "Ümidvaram ki, Sizin yaradıcılığınız gələcəkdə də Azərbaycan-Rusiya mədəni əlaqələrinin daha da inkişafına şərait yaradacaq"
Mədəniyyət siyasəti
15 Yanvar , 2016 17:53
Prezident İlham Əliyev SSRİ xalq artisti Murad Kajlayevə təbrik məktubu göndərib

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev SSRİ xalq artisti Murad Kajlayevə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, dövlət başçısı M.Kajlayevi 85 illik yubileyi münasibətilə təbrik edib. 

Məktubda deyilir: "Hörmətli Murad Kajlayev!

Sizi – istedadlı musiqiçi və pedaqoqu 85 illik yubileyiniz münasibətilə təbrik edir, cansağlığı, firavanlıq və yeni yaradıcılıq uğurları arzulayıram.

Sizin bütün ailəniz ölkəmizdə elmin, təhsilin, səhiyyənin və mədəniyyətin inkişafına layiqli töhfələr vermiş Bakı ziyalıları nəslinə mənsubdur. Siz Azərbaycan Dövlət Konservatoriyasının məzunu kimi Azərbaycan musiqiçiləri ilə səmərəli əməkdaşlıq etmisiniz. Sizin ən müxtəlif janrlarda və üslublarda yazdığınız əsərlər sovet musiqi mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilib. “Fərhad və Şirin”, “İmam Şamil” kimi parlaq simfonik musiqi nümunələri, caz konsertləri, kinofilmlərə yazdığınız musiqi və aktiv dirijorluq fəaliyyəti Sizə haqlı olaraq şöhrət qazandırıb.

Dağıstanın müasir musiqi mədəniyyətinin təşəkkülünə yönəlmiş çoxşaxəli fəaliyyətiniz öz xalqınıza fədakarcasına xidmət nümunəsidir. Mahaçqalada Sizin rəhbərlik etdiyiniz xüsusi istedadlı uşaqlar üçün incəsənət məktəbi Qafqazın musiqi irsi ənənələrinin qorunub saxlanmasına yönəlmiş nadir bir missiyanı reallaşdırır.

Ümidvaram ki, Sizin yaradıcılığınız gələcəkdə də Azərbaycan-Rusiya mədəni əlaqələrinin daha da inkişafına şərait yaradacaq".

Son xəbərlər

Orphus sistemi