Yuxarı

Prezident İlham Əliyev Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edib - YENİLƏNİB

Prezident İlham Əliyev Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edib - YENİLƏNİB
Dövlət başçısı Xalq Artistini qəbul edib

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti, Dövlət Mükafatı Laureatı Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edib.

"Report" xəbər verir ki, Xalq Artistini təbrik edən Prezident İlham Əliyev deyib:

-İlk növbədə, Sizi yubileyiniz münasibətilə təbrik etmək istəyirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illərdir ki, Azərbaycanın musiqi sənətinə böyük töhfə verirsiniz. Siz 20 ildir ki, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin bədii rəhbəri və dirijoru vəzifəsində çalışırsınız. Sovet dövründə siz bu orkestrə rəhbərlik etmisiniz, 1980-ci illərdə. Ondan sonra bir müddət xaricdə çalışmısınız və iyirmi il bundan əvvəl Azərbaycana qayıdıb yenə də bu orkestrə rəhbərlik etməyə başlamısınız. İyirmi ildir ki, bizim hamımızı öz sənətinizlə sevindirirsiniz.

Ulu öndər Heydər Əliyev sizin fəaliyyətinizə çox yüksək qiymət verirdi. Mən sizinlə onun çoxsaylı görüşlərinin şahidi olmuşam. Bilirəm ki, onun sizə münasibəti çox yaxşı, çox müsbət idi. Bütün rəsmi tədbirlərdə siz iştirak edirdiniz.

Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir və siz 1997-ci ildə “Şöhrət”, 2012-ci ildə isə “Şərəf” ordenləri ilə təltif olunmusunuz. Bu yaxınlarda mənim Sərəncamımla Azərbaycan dövlətinin ali ordeni olan “İstiqlal” ordeni ilə də təltif edilmisiniz.

X X X

Prezident İlham Əliyev “İstiqlal” ordenini Xalq Artisti Rauf Abdullayevə təqdim edib.

X X X

Ümummilli lider Heydər Əliyevin incəsənət adamlarına, o cümlədən onun rəhbərlik etdiyi orkestrə daim diqqət göstərdiyini minnətdarlıqla xatırlayan Xalq Artisti Rauf Abdullayev deyib:

-Ulu öndər Heydər Əliyev bizə, bizim orkestrə həmişə dəstək idi, bizim yanımızda idi. Hər dəfə konsertlərdən sonra yığışanda söhbət zamanı həmişə soruşardı, nə var-nə yox, işlər necədir? Arzularımızı ona söyləyərdik və o, hamısını həll edərdi. Bu, bizim üçün böyük qayğı idi.

Siz də onun layiqli davamçısı olaraq bizim incəsənət, mədəniyyət işçilərimizə həmişə hörmət etmisiniz, onlara fəxri adlar, ordenlər vermisiniz. Sizin qayğınızı hamımız hiss edirik. Ona görə də Sizə, Mehriban xanıma möhkəm cansağlığı, xoşbəxtlik arzulayır, işlərinizdə uğurlar diləyirəm.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sonda xatirə şəkli çəkdirilib.


*** 14:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti, Dövlət Mükafatı Laureatı Rauf Abdullayevi qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı R.Abdullayevə “İstiqlal” ordenini təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi