Prezident İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi ilə bağlı sərəncam imzalayıb Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb
Mədəniyyət siyasəti
20 Fevral , 2015 19:50
Prezident İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi ilə bağlı sərəncam imzalayıb

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un xəbərinə görə, sərəncamda bildirilir ki, 2015-ci ildə Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” abidəsinin alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur.

Ötən müddət ərzində “Dədə Qorqud” dastanları ilə bağlı çox sayda araşdırmalar aparılmış və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin YUNESKO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsi abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı olmuşdur.

Dövlət başçısı milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında “Dədə Qorqud” dastanlarının böyük əhəmiyyətini nəzərə alaraq, qorqudşünaslığın sistemli fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıb ki, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Prezident yanında Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, “Kitabi-Dədə Qorqud”un alman alimi Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinə dair fəaliyyət proqramını hazırlayaraq təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim etsin.

Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi