Yuxarı

Prezident İlham Əliyev İranın mədəniyyət və islami irşad nazirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev İranın mədəniyyət və islami irşad nazirini qəbul edib - YENİLƏNİB
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 26 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Azərbaycanda İran İslam Respublikası Mədəniyyət Günlərinin keçirilməsinin önəmini vurğulayaraq bu tədbirlərin yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev eyni zamanda ötən il İranda Azərbaycan Mədəniyyət Günlərinin də çox uğurla keçirildiyini və İran ictimaiyyəti tərəfindən maraqla qarşılandığını deyib. İranın qədim və zəngin mədəniyyətə malik olduğunu vurğulayan dövlət başçısı Azərbaycan ictimaiyyətinin də öz növbəsində İran Mədəniyyət Günlərini səbirsizliklə gözlədiyini qeyd edib. Prezident İlham Əliyev həm özünün, həm İran Prezidenti Həsən Ruhaninin dedikləri “Azərbaycan və İran xalqlarını birləşdirən tarixi və mədəni əlaqələrimizdir” fikrini məmnunluqla xatırlayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə, o cümlədən mədəni əməkdaşlıq istiqamətində çox uğurla inkişaf edir. Bu münasibətlərin gündəliyində duran bütün məsələlər öz həllini tapıb və bu gün əlaqələrimiz yüksək səviyyədədir. Dövlət başçısı İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin ölkəmizə səfərinin əməkdaşlığımızın möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyini deyib.

Mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi İran Prezidenti Həsən Ruhaninin ən səmimi salamlarını dövlət başçısına çatdıraraq bildirdi ki, İran Prezidenti İranla Azərbaycan arasında inkişaf edən əlaqələrin gündən-günə möhkəmlənəcəyinə əminliyini ifadə edib. Qonaq İran İslam Respublikası Mədəniyyət Günlərinin başlanğıcında Azərbaycana səfər etməsindən məmnunluğunu qeyd edərək bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib. O eyni zamanda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.


*** 15:32

Bakı. 26 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi