Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Arif Məlikovu "Şöhrət" ordeni ilə təltif edib

    Bakı. 13 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Arif Məlikovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    “Report” xəbər verir ki, sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Arif Cahangir oğlu Məlikov “Şöhrət” ordeni ilə təltif edilib.

    Bundan başqa, dövlət başçısı Arif Məlikova təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:

    “Hörmətli Arif müəllim!

    Sizi – Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsini 85 illiyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

    Sizin geniş diapazonlu rəngarəng yaradıcılığınız müasir musiqi mədəniyyətimizin parlaq hadisələrindəndir. Qara Qarayev məktəbinin layiqli davamçısı kimi xalq musiqisi ənənələri və dünya klassik irsini müasir musiqi formaları ilə uğurlu şəkildə birləşdirərək meydana gətirdiyiniz çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətləriniz vardır. Özünəməxsus əlvan musiqi çalarları, dərin koloriti və yüksək bədiiliyi ilə seçilən əsərləriniz professionallığın zirvələri olub, musiqisevərlərin daim rəğbətini qazanmışdır. Fəlsəfi düşüncələr və bəşəri duyğularla aşılanmış ecazkar musiqiniz mənəvi kamilliyə can atmaqda insanlara yaxından kömək edir. Zamanın yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən qiymətli əsərləriniz ölkəmizin hüdudlarından kənarda, dünyanın ən məşhur teatrlarında uğurlu səhnə təcəssümünü tapmışdır.

    Siz, eyni zamanda, gənclərin hamisi və mahir pedaqoq olaraq Bakı Musiqi Akademiyasının professoru və bəstəkarlıq kafedrasının müdiri kimi zəngin təcrübənizdən bəhrələnən istedadlı musiqiçilər nəslinin yetişdirilməsində uzun illərdən bəri böyük xidmətlər göstərirsiniz. İctimai-siyasi həyatımızda cərəyan edən mühüm hadisələrə və taleyüklü məsələlərə münasibətdə Siz həmişə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, vətənpərvər və aydın düşüncəli ziyalı kimi də xalqımızın hörmətini qazanmısınız.

    Səmərəli, məhsuldar və mənalı həyat yolunuz sənətə sonsuz bağlılığın və xalqa xidmətin bariz nümunəsidir. Yaradıcılığınız dövlət tərəfindən daim lazımınca qiymətləndirilmişdir. Siz müstəqil Azərbaycan Respublikasının ən ali təltiflərinə – Heydər Əliyev mükafatına, “Heydər Əliyev” və “İstiqlal” ordenlərinə layiq görülmüsünüz.

    Əminəm ki, Siz bundan sonra da bütün qüvvə və bacarığınızı Azərbaycan mədəniyyətinin inkişafı naminə sərf edəcəksiniz.

    Dərin ehtiram və xoş arzularla”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi