Pakistanda Nizami Gəncəvi otağının açılışı olub

Pakistanda Nizami Gəncəvi otağının açılışı olub Səfir Daşqın Şikarov: "Şair Nizami Gəncəvi bütün lirik şeirlərdə mütərəqqi ictimai-fəlsəfi fikirlərini ifadə edib"
Mədəniyyət siyasəti
9 Dekabr , 2014 09:44
Pakistanda Nizami Gəncəvi otağının açılışı olub

Bakı. 9 dekabr. REPORT.AZ/ Pakistanın Milli Kitab Fondunda Nizami Gəncəvi otağının açılış mərasimi keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Tədbirdə, Pakistanın Nazirlər Kabinetinin Əlaqələndirmə Naziri Babar Yaqub Fateh, Milli Kitab Fondunun icraçı direktoru İnam ul Haqq Caved, Pakistanın tanınmış ziyalıları, ictimai-siyasi xadimləri, Türkiyə, Özbəkistan, Tacikistan və digər ölkələrin səfirləri iştirak ediblər.

Mərasimdə çıxış edən Pakistan Milli Kitab Fondunun icraçı direktoru professor İnam ul Haqq Caved Azərbaycanın dahi şairi Nizami Gəncəvinin yaradıcılığı haqqında danışıb. Çıxışda o bildirib ki, Nizami lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Hökuməti, Milli Kitab Fonduna Azərbaycanın dahi şairinin adını daşıyan otağın açılışına dair qərar verdiklərinə görə dərin minnətdarlığını bildirib. Nizami Gəncəvi yaradıcılığından danışan səfir, şairin bütün yaradıcılığı boyu yazmış lirik şeirlərdə mütərəqqi ictimai-fəlsəfi fikirlərini ifadə etdiyini vurğulayıb. D.Şikarov, Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" müəllifi kimi daxil olduğunu deyib.

Pakistanın Nazirlər Kabinetinin Əlaqələndirmə Naziri Babar Yaqub Fateh isə Nizami Gəncəvi yaradıcılığının humanizm, yüksək sənətkarlığı ilə Şərq xalqları ədəbiyyatlarının inkişafına güclü təsir göstərdiyi, dünya mədəniyyəti xəzinəsinə daxil olduğunu qeyd edib.

Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar Nizami Gəncəvi otağı ilə tanış olublar. 

Son xəbərlər

Orphus sistemi