Yuxarı

"Nəsimi və aşıq yaradıcılığı" mövzusunda tədbir keçirilib - VİDEO

"Nəsimi və aşıq yaradıcılığı" mövzusunda tədbir keçirilib - VİDEO

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə "Nəsimi və aşıq yaradıcılığı" mövzusunda tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbir Şərqin böyük mütəfəkkiri, şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub.

Tədbirdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. O, eyni zamanda, İctimai Birliyin sədri, tanınmış şair, yazıçı-publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun salamlarını tədbir iştirakçılarına çatdırıb. Sədr müavini bildirib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, “Nəsimi İli” elan edilməsi çox müsbət və təqdirəlayiq addımdır:

"Hər bir kəs, bütün Azərbaycan xalqı bu addımı çox yüksək dəyərləndirir. Bu, ölkə prezidentinin, Azərbaycan dövlətinin sözə, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin növbəti göstəricisi və nümunəsidir". 

H.Misirov "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin həyata keçirdiyi işlərdən də danışıb. O, İctimai Birlik tərəfindən bir neçə orta məktəbdə tədbirlər keçirildiyini bildirib.

Daha sonra tədbirdə çıxış edən professor Qəzənfər Paşayev bildirib ki, İmadəddin Nəsimini Azərbaycanda tanıdan elə ümummilli lider Heydər Əliyev olub. O, dahi şair İmadəddin Nəsiminin Azərbaycan xalqına tanıdılmasında Heydər Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Bildirib ki, bu il Prezident İlham Əliyevin imzaladığı sərəncamla İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilməsi təqdirəlayiqdir.

Professorun sözlərinə görə, anadilli poeziyamızda fəlsəfi qəzəlin və qəsidənin, aşıq yaradıcılığında qıfılbənd deyişmələrin, "Əlif-lam" və "Tərs əlifba"nın banisi, qoşma və divani kimi janrların təkamülünə təkan verən, Azərbaycan ədəbiyyatı tarixində müstəzad, mürəbbe və tərcibəndlərin yaradıcısı Nəsimi klassik poeziyamızı və aşıq yaradıcılığını məzmun və ideya baxımından zənginləşdirən, məktəb yaradan nəhəng şairdir: "Ədəbi-bədii fikir tariximizdə müstəsna missiyası olan Nəsimi bədii ideyalarını, humanist görüşlərini bu gün də anlaşıqlı bir dildə ehtiva edib, özünün genetik yaddaşına həkk olunmuş xalq, el-oba düşüncəsinin daşıyıcısı olan poetik sistem yaradıb. Başqa sözlə desək, yüzlərlə ibrətamiz xalq ifadələrinə, kəlmələrə, atalar sözlərinə füsunkar poeziyasında həyat verib. Nəsimi yaradıcılığı şifahi xalq ədəbiyyatı və aşıq poeziyası ilə qoşa inkişaf edib, aşıq yaradıcılığına yeni janrlar gətirib, formaca onun inkişafına təkan verib. Bu təsiri şairin qıfılbənd bağlamalarında bariz şəkildə görmək olur. İmadəddin Nəsiminin qıfılbənd bağlamaları demək olar ki, bütün görkəmli aşıqlara təsir edibdir. Biz görkəmli aşıqlar deyəndə bütün aşıq şeirinin ecazkar nümunələrini yaradan, ağır məclisləri yola verən, dastan qoşan, "bağlama deyişmələr"də cəsarətlə iştirak edən, bədahətən şeir demək qabiliyyətini nümayiş etdirən, aşıq şeir şəkillərindən yerli-yerində istifadə edə bilən, bütün aşıq havalarından xəbərdar olan, özü aşıq havaları yaradan "Dədə" aşıqları nəzərdə tuturuq. Hər aşıq "qıfılbənd bağlama" yarada bilməz".

Daha sonra tələbələr Aşıq Şəmşir muzeyi ilə tanış olub və onlara aşıq sənətinə aid olan eksponatlar barədə məlumat verilib. Eyni zamanda, sazın müşayiəti ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin üzvü Göyçə Ömürlü tərəfindən "Aran gözəlləməsi" havası ifa olunub.

Sonda gənclərlə xatirə fotosu çəkilib.

Video: Vüqar Xanlarov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi