Əbülfəs Qarayev: "Nazirlik əməkdaşlarının 20 faizə qədəri dövlət qulluğuna yeni qəbul edilmiş gənclərdir"

Əbülfəs Qarayev: "Nazirlik əməkdaşlarının 20 faizə qədəri dövlət qulluğuna yeni qəbul edilmiş gənclərdir" Mədəniyyət və Turizm Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Mədəniyyət siyasəti
9 Noyabr , 2016 15:22
Əbülfəs Qarayev: Nazirlik əməkdaşlarının 20 faizə qədəri dövlət qulluğuna yeni qəbul edilmiş gənclərdir

Bakı. 9 noyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib.

Bu barədə “Report”a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında təşkil olunmuş hesabat-seçki konfransında əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Cavanşir Cəfərovun qurumun hesabat dövründəki fəaliyyəti ilə bağlı məruzəsi dinlənilib.

C.Cəfərov bildirib ki, komitənin 155 nəfər üzvü var: “2012-ci ilin aprelindən 2016-cı ilin noyabrınadək qurum qarşısında müəyyən olunmuş istiqamətlər üzrə fəaliyyət göstərərək ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi ilə bağlı bir sıra işlər görüb. Bu illər ərzində ittifaq üzvlərinin istirahətlərinin təşkili də daim diqqət mərkəzində olub”.

Daha sonra konfransda Mədəniyyət və Turizm Nazirliyinin Təftiş Komissiyasının da hesabatı dinlənilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev işçilərin hüquqlarının qorunması, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasında Həmkarlar İttifaqı Komitəsinin əhəmiyyətini yüksək qiymətləndirib.

Nazirin sözlərinə görə, hər bir idarədə çalışan insan özünə qarşı diqqət və qayğı hiss etdikdə işinə daha yaxşı yanaşır: "Kollektivdə sağlam ruhun formalaşdırılmasına, sosial problemlərin həllinə Həmkarlar İttifaqı Komitəsi öz dəstəyini verməkdə daha da fəal olmalıdır. Düşünürəm ki, növbəti illərdə də nazirliyin Həmkarlar İttifaqı Komitəsi bu işlərini davam etdirəcək. Biz də nazirlik olaraq bu qurumun fəaliyyətinə məsuliyyətlə yanaşır və onun həyata keçirdiyi işlərə öz dəstəyimizi davam etdirəcəyik”.

Əbülfəs Qarayev xatırladıb ki, nazirlik əməkdaşlarının 20 faizə qədəri dövlət qulluğuna yeni qəbul edilmiş gənclərdir: "Dünyada hər gün elm, idarəçilik sahəsində yeniliklər baş verir, yeni ideyalar ortaya çıxır. Həmçinin informasiya texnologiyaları da sürətlə inkişaf edir. Bu baxımdan əməkdaşlarımızın, xüsusilə gənc işçilərin bilik və bacarıqlarının artırılması üçün kursların təşkili, seminarların keçirilməsi işində də Həmkarlar İttifaqı Komitəsi öz fəallığını artıtmalıdır".

Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının sədri və rəhbər orqanları seçilib.

Sonda xidmətdə fərqləndiyinə görə nazirliyin bir qrup əməkdaşına, həmçinin Azərbaycan Milli Kitabxasının direktoru Kərim Tahirova 65 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı təqdim olunub.

Son xəbərlər

Orphus sistemi