​Nazirlik Bakı Uşaq Teatrının bədii rəhbərini mükafatlandırıb

​Nazirlik Bakı Uşaq Teatrının bədii rəhbərini mükafatlandırıb İntiqam Soltan "Fəxri Fərman"la təltif edilib
Mədəniyyət siyasəti
26 May , 2015 12:38
​Nazirlik Bakı Uşaq Teatrının bədii rəhbərini mükafatlandırıb

Bakı. 26 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Bakı Uşaq Teatrının bədii rəhbəri və direktoru İntiqam Soltanı bu sahədəki xidmətlərinə və anadan olmasının 50 illiyi münasibətilə "Fəxri Fərman"la təltif edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

İntiqam Soltan oğlu Həsənli 1965-ci li may ayının 11-də Naxçıvan MR-in Ordubad rayonunun Nürgüd kəndində anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunudur.

Hazırda o, ali dərəcəli aktyor, Bakı Uşaq Teatrının direktoru, bədii rəhbəri, "Körpəm" Eksperimental Uşaq Teatrının yaradıcısı və rəhbəridir. Aktyorluq karyerasına İrəvan Dövlət Azərbaycan Dram Teatrında başlayıb. Onun yaratdığı P.Pancevin "Əkizlərin nağılı"nda dörd əkiz qardaş, G.Xuqayevin "Mənim qayınanam"da Elbrus, Z.Yaqubun "Didərginlər" əsərində Gənc oğlan, Y.Əzimzadənin "Nəsirəddin" pyesində Nəsirəddin obrazları tamaşaçıların marağına səbəb olub.1994-cü ildə Azərbaycan Dövlət Gənclər Teatrına dəvət alan İntiqam Soltan bu teatrda da öz yaradıcılıq metodları ilə seçilib. Onun V.Şekspirin "Yay gecəsində yuxu" (Xoşsifət), "Hamlet" (Horatsio), M.Xubayenin "Neron" (Britannik), Ə.Əmirlinin "20 ildən sonra" (Otello), "Varlı qadın" (vəkil), P.Merimenin "Karmen" (Dankayre), V.Səmədoğlunun "Generalın son əmri" (Stalin), "Mamoy kişinin yuxuları" (Kəlləmanqoy), C. Məmmədquluzadənin "Qurbanəli bəy" (Molla Nəsrəddin), Ə.Səmədli "Xeyir və şər" (Xeyir) və teatrda səhnələşdirilən bir çox başqa tamaşalardakı bir-birindən fərqli amplualı rolları ona tamaşaçı rəğbəti qazandırıb.

Azərbaycan teatr tarixində yeni bir səhifənin müəllifidir. Onun 1990-cı ildə yaratdığı "Körpəm" Eksperimental Uşaq Teatrı Azərbaycanda ilk peşəkar uşaq teatrı və azyaşlılara teatr sənətini öyrədən ilk müəllif məktəbi olub. Uşaqlarla iş təcrübəsi, "Körpəm" EUT-da quruluş verdiyi uğurlu tamaşalar 2002-ci ildə onun Bakı şəhər Mədəniyyət İdarəsinin Uşaq Teatrının direktoru, bədii rəhbəri vəzifəsinə təyin olunması ilə nəticələnib.

Hazırda İ.Soltan aktyorluq fəaliyyəti ilə məşğul olmaqla yanaşı, uşaqlarla işini də davam etdirir, Azərbaycan teatrı ücün yeni-yeni istedadlar yetişdirir, mədəniyyət tariximizə töhfələr verir. "Körpəm" EUT-da İntiqam-Soltan quruluşunda aşağıdakı tamaşalar kiçik və böyük tamaşaçıların ixtiyarına verilib: "Uşaq olmaq istəmirəm" (böyüklər üçün), "Çırtdan və Div", "Sıravi Dursun", "Əyriqulaq Dovşan", "Əlcək", "Şən klounlar" (respublika və beynəlxalq festivallar laureatı), "Adam-badam iysi gəlir", "Həmən o Tıq-Tıq xanım", "Hədiyyə", "Sehirli sandıq", "Kosa-Kosa" (beynəlxalq festivallar laureatı), "Siçan-pişik oyunu", "Bremen musiqiçiləri kimi" və s.

Repertuarda İntiqam Soltanın quruluş verdiyi "Hərə olduğu kimi gözəldir", "Turpun nağılı","Xərçəng" (böyüklər üçün), "Şou-magiya", "Fidan və qoğal", "Qara sandıq", "Sıravi Dursun" və başqa tamaşalar var. Uşaq hüquqlarının müdafiəsinə qalxan "Şapalaqsız gün", xəstəliklərə biganə münasibətin ailələrdə törətdiyi faciələrdən bəhs edən "Qalan ömrün ilk günü", narkomaniya və QİÇS bəlası ilə bağlı həyəcan təbili çalan "Xaşxaşın göz yaşı" tamaşaları isə teatrın son illərdəki uğurlu işləridir. İ.Soltanın quruluş verdiyi bu tamaşalar Avropa Şurasının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin sifarişi ilə hazırlanıb.

Son xəbərlər

Orphus sistemi