Nazir Əbülfəs Qarayev baş redaktorlarla müzakirələr aparıb

Nazir Əbülfəs Qarayev baş redaktorlarla müzakirələr aparıb Əbülfəs Qarayev mətbuatla sıx əməkdaşlıq edəcəklərini bildirib
Mədəniyyət siyasəti
8 Aprel , 2015 16:25
Nazir Əbülfəs Qarayev baş redaktorlarla müzakirələr aparıb

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Xalça Muzeyində Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin respublikada fəaliyyət göstərən informasiya agentlikləri və nüfuzlu jurnalist təşkilatlarının rəhbərləri, qəzet redaktorları ilə görüşü keçirilib.

"Report" xəbər verir ki, görüşdən əvvəl media qurumlarının rəhbərləri Azərbaycan Xalça Muzeyi ilə tanış olublar. 

Tədbir "Nazirlikdə aparılan islahatlar, yeni şöbənin yaradılması və mətbuat orqanları ilə əməkdaşlığın genişlənməsi yolları", "III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq, forumun mediada işıqlandırılması ilə bağlı prioritet tövsiyələr" və "I Avropa Oyunları ilə əlaqədar nazirliyin vəzifələri, turizm müəssisələrində hazırlığın səviyyəsi" kimi mühüm məsələlərin müzakirəsinə həsr edilib. 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən işlərdən, mədəniyyətimizin inkişafı, təbliği istiqamətində reallaşdırılan layihələrdən söz açıb.

Ə.Qarayev bildirib ki, nazirliyin daxilində aparılan struktur dəyişiklikləri işin daha səmərəli qurulmasına, yeni dövrün tələblərinə cavab verən layihələrin reallaşmasına xidmət edəcək. 

MŞ-nin sədri Əflatun Amaşov belə görüşlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını söyləyərək bildirib ki, bu görüşdə 30-dan çox media qurumunun nümayəndəsi iştirak edir. Az qala hər həftə yeni xəbər portalının fəaliyyətə başladığını deyən Ə.Amaşov cəmiyyətin hər sahəsində olduğu kimi, jurnalistikada da problemlərin olduğuna diqqətə çəkib: "Xüsusilə də mədəniyyət sahəsində fəaliyyət göstərən jurnalistlərin sırf bu sahənin peşəkarı olması vacibdir. İqtisadiyyat, sosial, kriminal sahədən yazılar yazan jurnalistlərin mədəniyyətdən nəsə yazması, hansısa muzeyin işini işıqlandırması sonradan bizim işimizə əngəllər törədir. Mədəniyyətdən sırf bu sahəni bilən jurnalistlər yazmalıdırlar".

MŞ-nin sədri deyib ki, belə görüşlərin keçirilməsi gələcəkdə də davam edəcək. İlin sonunadək bir sıra dövlət qurumlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Ə.Qarayev çıxışında son dövrlərdə Mədəniyyət və Turizm Nazirliyinin gördüyü işlər haqqında ətraflı məlumat verib. Mədəniyyət və Turizm Nazirliyinin səyi ilə 3 yeni müəssisənin yaradıldığını deyən nazir tarixi abidələrin qorunması və bərpası istiqamətində aparılan məqsədyönlü işlərə diqqət çəkib. Azərbaycan ərazisində 7 mindən çox tarixi abidənin mövcud olduğunu deyən Ə.Qarayev şəhərsalma siyasətinə uyğun olaraq bu abidələrin qorunmasının, tarixi əhəmiyyətinin saxlanmasının vacibliyini vurğulayıb.

Mayda Bakıda keçiriləcək "III Mədəniyyətlərarası Dialoq Forumu"ndan danışan nazir bu tədbirə hazırlıq işlərinin aparıldığını deyib: "Bu tədbirə 500 qonaq dəvət edilib. Həm Mədəniyyətlərarası Forum, həm də Avropa Oyunlarına hazırlıq məqsədilə nazirlik gücləndirilmiş iş rejimində çalışacaq. Şəhərimizə gələcək qonaqlar üçün mədəniyyət mərkəzlərimizə ekskursiyalar təşkil ediləcək, bütün muzeylər uzadılmış iş rejimində - səhər saat 10.00-dan gecə 1.00-dək çalışacaq. Bakıda fəaliyyət göstərən bütün teatrlarda nümayiş edilən tamaşalar tərcümə ilə veriləcək. Qonaqlar üçün xüsusi bələdçilər ayrılacaq, şəhərin küçə və parklarında şoular nümayiş ediləcək. Məqsədimiz Azərbaycanı ölkə olaraq dünya ictimaiyyətinə tanıtmaq və hər bir qonağın Azərbaycandan razı getməsinə səbəb olmaqdır".

Mədəniyyət və turizm sahəsində baş verən yeniliklər, dəyişikliklər, görülən işlər barəsində ətraflı məlumat verən Ə.Qarayev media qurumlarının rəhbərlərini maraqlandıran suallara cavab verib, qarşıya qoyulan təkliflərdən danışıb.

Gələcəkdə Akademik Opera və Balet Teatrının yüksək səviyyədə təmir ediləcəyini deyən Ə.Qarayev bu münasibətlə Milandan xüsusi memarların dəvət edildiyini deyib: "Yaxın vaxtlarda Azərbaycan Opera və Balet Teatrı öz gözəlliyinə yeni gözəllik qatacaq. Bina restavrasiya olunacaq. Hazırda əsas prioritet məsələmiz budur".

Bakı Dövlət Sirkinin binasının hazırkı vəziyyətindən danışan Ə.Qarayev Sirkin binası ilə bağlı 4-5 layihənin olduğunu və gələcəkdə tender keçiriləcəyini deyib: "Tenterdə qalib gələn qurum Sirkin binasının yenidən qurulması ilə məşğul olacaq".

Görüşdə kinoteatrlarda nümayiş edilən filmlərin ana dilində dublyaj məsələsinə toxunan nazir Ə.Qarayev bu məsələnin müsbət mənada həllinin Azərbaycan mədəniyyətinə xeyirli olcağını deyib: "Gələcəkdə bu məsələ həll olunsa, onda kino sahəsində çalışan həm aktyorlar, həm dublyaj rejissorlarının işləri çoxalacaq. Hələlik bu məsələnin müsbət həllinə çalışırıq". 

Mədəniyyət və turizm naziri iki saat davam edən görüşdə ən vacib məsələlərdən danışıb. Qeyd olunub ki, mədəniyyətin ağrılı mövzularına mətbuatla birgə həll yollarının tapılmasına çalışmaq lazımdır.

Qeyd edək ki, görüşdə "Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev də iştirak edib.

Son xəbərlər

Orphus sistemi