Yuxarı
    Bağlamaq

    Nazir: "Azərbaycanda mənəvi dəyərlərimizə zidd filmlər nümayiş etdirilməməlidir"

    Dinlə
    © Report/ Firi Salim — Mədəniyyət naziri Əbülfəs Qarayev

    Bakı. 26 dekabr. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanda çəkilən seriallarda bayağı fikirlərə geniş yer verilməsinə münasibət bildirib.

    Nazir "Report"un sualına cavab olaraq deyib ki, Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında müvafiq fərman imzalayıb və dillə bağlı işlər həmin sənədə uyğun olaraq həyata keçirilməlidir.

    Ə.Qarayev vurğulayıb ki, hər bir dövlət müəssisəsi, onun rəhbəri və işçiləri, eləcə də digər aidiyyəti şəxslər bütün yerlərdə Azərbaycan dilinin təmizliyini mütləq qorunmalı və qaydalara riayət edilməlidirlər.

    Nazir bildirib ki, bu məsələyə müasir təsirlər də qaçılmaz xarakter alıb: "Bütün bunların hamısını Azərbaycan dilinin təmizliyini qorumaq şərtilə həyata keçirmək lazımdır. Hesab edirəm ki, bu gün teatrlarımızda nümayiş olunan tamaşalarda, kino çəkilişi zamanı dil məsələsinə xüsusi diqqət yetirilməlidir. Mədəniyyət Nazirliyi də öz səlahiyyətləri çərçivəsində buna nəzarət edir".

    Ə.Qarayev əlavə edib ki, bu gün ölkədə kino sahəsi böyük biznesə çevrilib: "Nazirlik olaraq yeni nəsil kadrların formalaşmasına köməklik edəcəyik. Xüsusi təhsil və təkmilləşmə proqramları həyata keçirəcəyik. Beynəlxalq əməkdaşlığa da xüsusi önəm veriləcək. Ölkədə bütün kinoteatrlar özəlləşdirilib. Hesab edirəm ki, biznes sahəsi ilə məşğul olan şirkətlər kino çəkilişi sənayesinə diqqət yetirməli və vəsait əldə edərək kino şəbəkəsinin genişlənməsinə öz töhfələrini verməlidirlər".

    Ə.Qarayev deyib ki, Mədəniyyət Nazirliyi xarici filmlərin qeydiyyatını həyata keçirəcək: "Azərbaycanda nümayiş olunan hər bir filmin ölkənin mənəvi dəyərlərinə zidd olmamasına nəzarət edilməlidir. Eyni zamanda, kinolarımızın regionlarda təbliğinə diqqət edəcəyik". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi