Yuxarı

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018”-in loqotipi seçilib

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018”-in loqotipi seçilib
Muxtar Respublikanın Ali Məclisində bununla bağlı tədbir keçirilib

Bakı. 1 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilib.

"Report" xəbər verir ki, Ali Məclisin sədri Vasif Talıbov tədbirdə çıxış edərək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunduğunu bildirib.

Azərbaycan Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə 2018-ci ildə İslam mədəniyyəti paytaxtı tədbirlərinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin ilk iclası 2016-cı il noyabrın 25-də Naxçıvan şəhərində keçirilmiş və Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planında nəzərdə tutulan ilk tədbirlərdən biri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı loqotipin hazırlanması olub. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan 2018” loqotipinin hazırlanması haqqında” 2017-ci il 23 yanvar tarixli sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar Birliyi tərəfindən loqotipin hazırlanması üçün yaradıcılıq müsabiqəsi elan edilib.

Muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova müsabiqəyə muxtar respublikadan kənarda yaşayan yaradıcı insanlar – rəssamlar, memarlar və tələbələr tərəfindən də müxtəlif məzmunda loqotip nümunələri təqdim olunduğunu bildirib. Loqotiplər Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar Birliyinin birgə təşkil etdiyi komissiya tərəfindən qiymətləndirilib. Qiymətləndirmə zamanı yaradıcı yanaşma, işin təsiredici qüvvəyə malik olması və asan qavranılması ilə yanaşı, həmin loqotipin Naxçıvanın türk-islam mədəniyyəti nümunələrini, eləcə də qədim tarixini və müasirliyini əks etdirməsinə üstünlük verilib. Qeyd olunan meyarları özündə əks etdirən loqotip nümunələrindən ən yaxşıları seçilərək Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinə təqdim olunub.

Ali Məclisin sədri qeyd edib ki, təqdim olunmuş loqotiplərdən mövzunun əhatə olunması baxımından ən uyğunu müəllifi Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Tapdıq Həmzəyev olan loqotipdir. Burada Naxçıvanın həm türk, həm də İslam mədəniyyətinin daşıyıcısı olması, Naxçıvanın qədim və müasir tarixi rəmzlərlə çatdırıla bilib. Təklif olunan loqotipin “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipi kimi qəbul olunduğunu bildirən Ali Məclisin sədri müəllif Tapdıq Həmzəyevə qalib olması münasibətilə təbriklərini çatdırıb və ona pul mükafatı təqdim edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi