Müslüm Maqomayevin anadan olmasının 76 illiyi qeyd olunacaq

Müslüm Maqomayevin anadan olmasının 76 illiyi qeyd olunacaq Bakı. 16 avqust. REPORT.AZ/ SSRİ Xalq artisti, görkəmli müğənni, bəstəkar, “Şöhrət” və “İstiqlal” ordenli Müslüm Maqomayevin anadan olmasının 76 illiyinə həsr olunan anım mərasimi keçiriləcək.
Mədəniyyət siyasəti
16 Avqust , 2018 11:09
Müslüm Maqomayevin anadan olmasının 76 illiyi qeyd olunacaq

Bakı. 16 avqust. REPORT.AZ/ SSRİ Xalq artisti, görkəmli müğənni, bəstəkar, “Şöhrət” və “İstiqlal” ordenli Müslüm Maqomayevin anadan olmasının 76 illiyinə həsr olunan anım mərasimi keçiriləcək.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, mərasim avqustun 17-si saat 17:00-da Birinci Fəxri xiyabanda baş tutacaq.

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.

1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, bir il sonra Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb.

O, "Seviliya bərbəri" operasında möhtəşəm çıxışı ilə milyonlarla tamaşaçının rəğbətini qazanıb. Bununla bərabər Maqomayev “Nizami” filmində baş rolda çəkilib, Eldar Quliyevin filminə, Qleb Drozdovun tamaşasına musiqi bəstələyib. Maestronun repertuarında 600-dən çox əsər olub. Müslüm Maqomayev SSRİ-nin xalq artisti olub.

Müslüm Maqomayev 2008-ci ilin oktyabrın 25-də, ömrünün 67-ci ilində vəfat edib. O, Bakıda Fəxri xiyabanda dəfn edilib.

Son xəbərlər

Orphus sistemi