Yuxarı

Moldovada Azərbaycan ədəbiyyatı günləri keçiriləcək

Moldovada Azərbaycan ədəbiyyatı günləri keçiriləcək

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Moldova Azərbaycanlıları Konqresinin dəstəyi ilə martın 1-3-də Bakıda Moldova ədəbiyyatı günləri keçirilib. 

"Report" xəbər verir ki, tədbirlər ilə bağlı Moldova Yazıçılar Birliyinin sədri, şair Arkadi Suçevyanu, Moldova Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi Aparatının rəhbəri George Postike, Moldovadan olan ədiblər - Nikolay Spetaru, Leo Butnaru, İqor Volnitski, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovun da daxil olduğu nümayəndə heyəti Bakıda səfərdə olub.

Əvvəlcə nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayev ilə görüşüb. Görüşdə Moldovanın Azərbaycandakı səfiri George Leuka və Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib. İki ölkə arasında münasibətlərin inkişafında göstərdiyi xidmətlərə görə hər iki ölkənin səfirliklərinə və Moldova Azərbaycanlıları Konqresinə təşəkkürünü bildirən nazir xalqlarımız arasında oxşar mədəniyyətlərin olduğunu vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda da Moldovodan olan qonaqlarla görüş olub. AYB-in sədri, xalq yazıçısı Anar Azərbaycan ilə Moldova arasında ədəbi əlaqələrdən danışaraq qeyd edib ki, iki ölkənin yazıçılar ittifaqları arasında sıx əməkdaşlıq yaranıb. Anar Bakıda Moldova ədəbiyyatı günlərinin təşkilinə və keçirilməsinə göstərdiyi dəstəyə görə Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzova təşəkkürünü bildirib, ona AYB-in fəxri üzvü vəsiqəsini təqdim edib. V. Novruzov göstərdiyi diqqətə görə Anara təşəkkür edərək bildirib ki, yaxın günlərdə Moldovada Azərbaycan ədəbiyyatı günləri keçirmək planlaşdırılır. Səfir George Leuka isə bildirib ki, Moldova ilə Azərbaycanı uzun illərdir bütün sahələrdə sıx əlaqələr bağlayır. Arkadi Suçevyanu isə Moldova ədəbiyyatı günlərinin yüksək səviyyədə keçirilməsinə görə təşəkkür edərək deyib ki, tanınmış Azərbaycan yazıçılarının bir sıra əsərləri artıq rumın dilinə tərcümə olunub və nəşr edilib. A.Suçevyanu AYB-in Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş Moldova yazıçılarının əsərlərindən ibarət məcmuəni təqdim edib. Tərcüməçilərin böyük iş gördüklərini vurğulayan qonaq onların zəhmətini yüksək qiymətləndirib, Mərkəzin rəhbəri Səlim Babullaoğluna yüksək təşkilatçılığa görə minnətdarlığını bildirib. Sonra George Leuka və Arkadi Suçevyanu Moldova Yazıçılar İttifaqının fəxri üzvü döş nişanını Anara təqdim ediblər. 

Bundan başqa, qonaqlarla Azərbaycan Milli Elmlər Akademiyasında da görüşlər keçirilib. Görüşlərdə Moldova ədiblərinin kitablarının təqdimatı baş tutub. Tədbirlər Azərbaycan Milli Kitabxanasında yazıçı İqor Vonitskinin “Mənə ölməyi öyrət” romanının təqdimatı ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi