Yuxarı
    Bağlamaq

    Məşhur aktyor Robert Hossein: "Azərbaycana səfərim həyatımda ən xoş xatirələrimdəndir" - MÜSAHİBƏ

    Dinlə
    Azərbaycan əsilli Fransa aktyoru: Dünyada sülhün bərqərar olmasına xidmət edəcək bir iş görmək istəyərdim
    © REport

    "Mən həyatda kifayət qədər ciddi işlər görmüşəm, amma özümü heç bir zaman ciddi qəbul etməmişəm"

    "Bakıya gedib tamaşa oynamaq, hansısa əsəri səhnələşdirmək istəyərdim"

    Paris. 8 may. REPORT.AZ/ Fransa kinosunun korifeylərindən biri, tanınmış aktyor və rejissor Robert Hossein (Robert Hosseinhoff)1927-ci il dekabrın 30-da Paris şəhərində anadan olub və 68 illik karyerası ərzində 105 kino və seriala çəkilib, 4 mükafata layiq görülüb.

    "Report"un Qərbi Avropa Bürosunun əməkdaşı 91 yaşlı Robert Hosseinlə görüşüb və müsahibə alıb. Həmin müsahibəni təqdim edirik. 

    - Sənətçi ailəsində dünyaya göz açmısınız. Uşaqlığınızı necə xatırlayırsınız?

    - Atam Andre Hossein (Aminoullah Hosseinoff) Azərbaycan əsilli musiqiçi-bəstəkar idi, Səmərqənddə anadan olub. Musiqi sahəsində öz sözünü deyə bilməsi üçün çox çalışırdı. Atamın işləməsinə mane olmamaq üçün bizim evimizdə uşaq otağı çardaqda yerləşirdi. Anam isə rus mənşəli komediya aktrisası idi, Kiyevdə anadan olub. Ona görə də rus dilində təmiz danışa bilirəm.

    - Hər zaman gənclərə yüksək diqqət və qayğı göstərmisiniz. Bu məhəbbət nədən qaynaqlanır?

    - İnsan yaşa dolduqca qazandığı təcrübəsi hesabına daim inkişaf edir. Məni hər zaman gənclik düşündürüb. Hər zaman gəncləri, xüsusilə imkansızlarını işə götürməyə üstünlük vermişəm. Mən özüm çox gənc yaşımdan işləyərək pul qazanmağa başlamışam. Atam həmişə deyərdi ki, ən çətini ilk 50 ili yaşamaqdır. Sonrası asandır, çünki insan öyrəşir. Lakin insan öyrəşməməlidir. İstəklərini reallaşdırmaq üçün əlindən gələni əsirgəməməlidir. Mənim həyatda bəxtim onda gətirib ki, gəncliyimdə, ehtiyacım olan anlarda mənə ruh verən insanlar olub. Mənim həmin insanlara, habelə gəncliyimdə mənə dəstək olan şairlərə, yazıçılara minnətdarlığım sonsuzdur. İstedad başqalarında istedad tapmaqdır.

    - Azərbaycanda səfərdə olmusunuz. Təəssüratlarınız necədi? 

    - Mən və həyat yoldaşım Azərbaycanda çox yüksək səviyyədə qarşılanmışıq. Azərbaycanda rastlaşdığım insanların hamısı mehriban, səmimi idilər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevaya olan hörmətim xüsusilə tükənməzdir. Azərbaycana səfərim həyatımda ən xoş xatirələrimdəndir. Bizi gəzdirdilər, dinlədilər, yüksək səviyyədə diqqət və qayğı göstərdilər.

    - Azərbaycana yenidən səfər etməyi düşünürsünüzmü?

    - Əlbəttə, Bakıya gedib tamaşa oynamaq, hansısa əsəri səhnələşdirmək istəyərdim. Mənim istədiyim istedadımı nümayiş etdirmək deyil, sadəcə, humanist bir tamaşa yaratmaqdır. Bu, din və irqlə əlaqəsi olan humanist bir tamaşa olmalıdır. Hər bir insanın istədiyi kimi düşünmək və fikir yürütmək hüququ var. Mən Azərbaycanda olarkən bu dəyərlərin şahidi oldum. Azərbaycan müxtəlif dinə, etnik mənşəyə mənsub insanların bir ailə kimi yaşadığı ölkədir. Hər zaman millətlərarası və dinlərarası hörmətin vacibliyini anlatmağa çalışmışam. Həyat məhəbbət üzərində qurulan bir keçidə bənzəyir. Mənə doğma olan bu dəyərləri Azərbaycanda gördüm. 

    - Bəs Fransa kino dünyasının ən məşhur simalarından biri olan Robert Hosseinin ən böyük arzusu nədir?

    - Bu gün dünyada sülhün bərqərar olmasına xidmət edəcək bir iş görmək istəyərdim. İnsanlar bir-birilərinə qarşılıqlı hörmət və anlaşma nümayiş etdirməlidirlər. Həyatda nə qədər insan əzab içində yaşayır, nə qədər insan küçələrdədir, nə qədəri soyuqdan donur. Mən həyatım boyu insanlara xidmət göstərməyə cəhd etmişəm. Mən Allaha inanıram, çünki insanlara inanıram, insanlara inanıram, çünki Allaha inanıram. Həyatda ədalətsizliklər çoxdur. Biz əlimizdən gələni etməliyik ki, həyatda irəliləyə bilək və irəlilədikcə bölüşməyi unutmayaq. Yaşadığımız həyatda dağıtmaq, məhv etmək çox asandır. Qurub yaratmağı və eyni zamanda insanlara xidmət etməyi bacarmaq lazımdır. Mən "Ben-Hur" filmini çəkəndə 400 mindən artıq şəxs çəkilişdə iştirak edirdi. Onların arasında müxtəlif irqə, dinə məxsus insanlar var idi. Mən həyatda kifayət qədər ciddi işlər görmüşəm, amma özümü heç bir zaman ciddi qəbul etməmişəm. İddialarla yaşamamışam. Əziyyət çəkən insanlara əl uzatmışam.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi