Mərkəzi Elmi Kitabxana sentyabrda istifadəyə veriləcək

Mərkəzi Elmi Kitabxana sentyabrda istifadəyə veriləcək Yeni binaya kitabların köçürülməsi başa çatdırılıb
Mədəniyyət siyasəti
28 May , 2015 12:53
Mərkəzi Elmi Kitabxana sentyabrda istifadəyə veriləcək

Bakı. 28 may. REPORT.AZ/ Mərkəzi Elmi Kitabxananın (MEK) yeni binasına kitabların köçürülməsi başa çatdırılıb. Bu barədə "Report"a AMEA-nın Mərkəzi Elmi Kitabxanasının mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, AMEA-nın əsas binasında yerləşən köhnə kitabxanadan kitabların daşınması yekunlaşıb. Ötən ilin noyabr ayından başlanan və tamamlanması 28 May - Respublika Gününə təsadüf edən köçmə işi AMEA rəhbərliyinin, MEK-in işçi heyətinin, FHN Mülki müdafiə qoşunlarının Mülki müdafiə idarəsinin və Gənc Ərəbşünaslar Şəbəkəsinin dəstəyi ilə həyata keçirilib. Köçürülmüş 1 milyon 571 min kitab artıq qeydiyyata alınıb və yeni binanın informasiya materiallarının yanğından mühafizə məqsədilə xüsusi qazla təchiz olunmuş və lazımi temperatur-hava rejimini təmin edən kitab saxlanclarında yerləşdirilib.

MEK-in kitab kolleksiyasının bir hissəsini təşkil edən, 17 min kitab ehtiyatına malik Nadir Kitablar Fondu və 75 min kitabı olan Şərq Ədəbiyyatı Fonduna məxsus kitablar inventar nömrələrindən əlavə təhlükəsizlik sisteminə inteqrasiya edilmiş elektron çiplərlə təmin olunublar.

Yaxın müddətdə kitabxananın digər fondları olan Qərb Avropa Ədəbiyyatı, Rus Ədəbiyyatı, Azərbaycan Ədəbiyyatı və Mübadilə fondlarının kitablarına elektron çiplərin vurulması prosesi başa çatdırılacaq.

Qeyd edək ki, kitabxananın 2015-ci ilin sentyabrından oxucuların istifadəsinə verilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi