Kamal Abdullayev: “Mən özümü ömür boyu öyrənməyə hazır olan insan kimi tanıyıram”

Kamal Abdullayev: “Mən özümü ömür boyu öyrənməyə hazır olan insan kimi tanıyıram” AMEA-nın Alimlər Evində akademiklə görüş keçirilib, əsərlərindən ibarət sərgi təşkil olunub
Mədəniyyət siyasəti
3 Fevral , 2017 15:13
Kamal Abdullayev: “Mən özümü ömür boyu öyrənməyə hazır olan insan kimi tanıyıram”

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) AMEA Alimlər Evinin təşkilatçılığı ilə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü Kamal Abdullayevlə görüş keçirilib.

“Report” xəbər veir ki, görüşü AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açıb. O bildirib ki, Alimlər Evi bundan sonra sistemli şəkildə elm xadimləri, görkəmli Azərbaycan ziyalıları ilə AMEA-nın elmi ictimaiyyətinin görüşünü təşkil edəcək. K.Abdullayev yaradıcılığına böyük marağın olduğunu qeyd edən akademik onun əsərlərinin rus, fransız, ingilis, türk, gürcü, portuqal, yapon və başqa dillərə tərcümə edildiyini söyləyib. Akademik vurğulayıb ki, dünya K.Abdullayevin “Yarımçıq əlyazma” əsərini böyük maraqla qarşılayır və əsər dünya oxucusu tərəfindən qəbul olunur.

K.Abdullayev deyib ki, o, nəinki müəllimlərindən, hər zaman tələbələrindən də öyrənməyə çalışıb: “Özümü hər zaman öyrənməyə hazır insan kimi tanıyıram. 190 nömrəli məktəbi bitirmişəm. Mənim həyatımda bu məktəb bütövlükdə bir rol oynayır. Biz əzib tökməklə yox, nəvazişlə nəhəng insanların çiyninə çıxmağı bacarsaq onlar bizə yol göstərəcək və qoruyacaq".

Sonra K.Abdullayev elmi və ədəbi yaradıcılığının əsas istiqamətləri, “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmaları, Azərbaycan dilçilk elminin nəzəri məsələlərinə dair tədqiqatları, həmçinin müxtəlif janrda yazdığı bədii əsərləri haqqında danışıb.

Məqsədyönlü fəaliyyət nəticəsində multikulturalizmin bu gün ölkədə dövlət siyasəti səviyyəsinə qaldırıldığını deyən akademik Kamal Abdullayev hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda yaşayan xalqların dillərinin qorunması, mədəniyyətlərinin inkişafı istiqamətində böyük işlər görüldüyünü söyləyib. O bildirib ki, ümummilli liderin siyasi xəttini öz fəaliyyətində əsas götürən prezident İlham Əliyev bu ənənələri davam etdirərək Azərbaycan multikulturalizminin dəyərlərini dünyaya təqdim edir. Eyni zamanda dünyadakı multikultural proseslərdən Azərbaycanda faydalanmağın şərtlərini önə sürür.

Görüşdə türkoloq alim Aydın Ələkbərov, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov da çıxış edib.

Qeyd edək ki, görüş çərçivəsində K.Abdullayevin əsərlərindən ibarət sərgi təşkil olunub.

Son xəbərlər

Orphus sistemi