Mədəniyyət Nazirliyində müşavirə keçirilib

Mədəniyyət Nazirliyində müşavirə keçirilib Bakı. 6 iyul. REPORT.AZ/ Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun sədrliyi ilə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında müşavirə keçirilib.
Mədəniyyət siyasəti
6 İyul , 2018 17:03
Mədəniyyət Nazirliyində müşavirə keçirilib
mct.gov.az
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ Mədəniyyət nazirinin müavini Rafiq Bayramovun sədrliyi ilə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında müşavirə keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, müşavirə Mədəniyyət Nazirliyində aparılmış struktur islahatları və regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunub.

Yığıncaqda Nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 regional mədəniyyət idarəsinin rəisləri və onların müavinləri iştirak ediblər.

Gündəlikdə duran məsələlər barədə məlumat verən Rafiq Bayramov Mədəniyyət Nazirliyində aparılan son islahatlar haqqında danışıb.

Vurğulanıb ki, dövlət başçısı 2018-ci il iyunun 6-da Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, Nazirliyin yeni strukturu təsdiq edilib, həmçinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrində işçilərin say tərkibi müəyyən olunub: “Müşavirənin əsas məqsədi həyata keçirilən islahatlar nəticəsində qarşıya qoyulan yeni hədəflərə nail olmaq və bu istiqamətdə atılacaq addımların müzakirəsidir”.

Rafiq Bayramov qeyd edib ki, artıq Nazirliyin strukturu tam formalaşıb. Regional idarələrin fəaliyyətinin təmin olunması üçün Nazirliyin tərkibində Regional siyasət şöbəsi yaradılıb: “Həyata keçirilən son dəyişikliklərdən sonra mədəniyyət sahəsinə ayrılan diqqət daha da artırılacaq. Bizim fəaliyyətimiz indi sırf mədəniyyət sahəsinin inkişafı, mədəniyyət müəssisələrinin düzgün idarə olunmasını təmin etməkdir. Regional siyasət şöbəsində iki sektor - Təhsil müəssisələri ilə iş və Regional idarələrin koordinasiyası və tabe qurumlarla iş sektoru yaradılıb”.

Nazir müavini regional idarələrlə yeni yaradılan Regional siyasət şöbəsinin qurulacaq iş prinsipləri haqqında danışıb, bu istiqamətdə idarəçiliyin daha da effektiv olacağını bildirib. Diqqətə çatdırıb ki, Nazirliyin Aparatının yeni strukturunun formalaşmasında əsas məqsəd ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

Müşavirədə çıxış edən Regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli həyata keçirilən islahatlar nəticəsində regional idarələrlə daha sıx əməkdaşlığın qurulacağını deyib. Qeyd edib ki, bölgələrdə göstərilən mədəni xidmətlərin səviyyəsinin artırılması, ölkəmizin regionlarının mədəni həyatının müasir inkişaf səviyyəsinə uyğun qurulması istiqamətində addımlar atılacaq: “Regionlarda mədəniyyət sahəsinin inkişaf etdirilməsi Mədəniyyət Nazirliyinin prioritet istiqamətlərindən biridir. Qarışa qoyulan məqsədlərə nail olmaq üçün ilk növbədə mədəniyyət müəssisələrinin cəlbedici fəaliyyətinin təmin olunması, regional idarələrin beynəlxalq əlaqələrinin qurulması, informasiya texnologiyalarından istifadənin daha da artırılması, ödənişli xidmətlərin təşkili həyata keçirilməlidir”.

Pərviz İsgəndərli vurğulayıb ki, regional idarələrin fəaliyyətinin daha da gücləndirilməsi üçün ixtisaslı kadrlarla təminat məsələsi diqqətdə saxlanılmalıdır.

Şöbənin təhsil müəssisələri ilə iş sektorunun müdiri Lalə Kərimova regional idarələrə tabe olan təhsil müəssisələrindəki vəziyyət, regional idarələrin koordinasiyası və tabe qurumlarla iş sektorunun müdiri Rəşad Əliyev gələcək fəaliyyətin əlaqələndirilməsi istiqamətləri haqqında məruzə ilə çıxış ediblər.

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov çıxış edərək regional idarələrin mətbuatla iş istiqamətində fəaliyyətindən danışıb. Bildirib ki, regional idarələrin keçirdiyi tədbirlərin yerli mətbuatda, televiziyalarda geniş işıqlandırılması olduqca vacibdir. Mətbuatla əməkdaşlıq üçün regional idarələrə bu sahənin bilicisi olan insanların cəlb olunması önəmlidir: “Qarşımıza qoyulan əsas vəzifələr yeni texnologiyaların tətbiqi, innovativ inkişaf və informasiya sahəsinə xüsusi diqqətin ayrılmasıdır. Hesab edirik ki, regional idarələrin mətbuatla əlaqələr sahəsində çalışan məsul şəxsləri üçün müvafiq kursların, treninqlərin keçirilməsi faydalı olar”.

Nazirliyin Aparat rəhbərinin müavini, Hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov sənədlərin, normativ-hüquqi aktların hazırlanmasında daha da diqqətli olmağın vacibliyini bildirib.

Tədbir struktur islahatları, ikinci yarım ildə qarşıda duran məsələlərin müzakirəsi ilə davam edib, fikir mübadiləsi aparılıb.

Müşavirənin sonunda Rafiq Bayramov regionlarda keçirilən tədbirlərin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “100 illik tariximiz” başlığı altında keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının əhəmiyyətini diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi