Yuxarı

Los-Ancelesdə azərbaycanlı rəssamların sərgisi keçirilib

Los-Ancelesdə azərbaycanlı rəssamların sərgisi keçirilib

Bakı. 30 iyul. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğunda ABŞ-da yaşayan gənc azərbaycanlı qadın rəssamların əsərlərindən ibarət sərgi keçirilib. 

Konsulluqdan "Report"a verilən məlumata görə, sərgidə Aydan Hüseynli, Fidan Kim, Dinarə Cəbiyeva, Lalə Rəhimova və Səyyarə Nemətovanın əsərləri nümayiş etdirilib.

Baş Konsulluğun dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan icmasının üzvləri, xarici ölkələrin Los-Ancelesdəki baş konsulları, tanınmış şəxslər, o cümlədən kimya üzrə Nobel mükafatçısı Arye Vorşel (Arieh Warshel), elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk və İran icmalarının rəhbərləri iştirak ediblər.

Tədbiri açan Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, xüsusilə rəssamlıq sənətinin tarixi və bugünkü inkişafı, habelə Azərbaycanın görkəmli rəssamları haqqında ətraflı məlumat verib və gənc qadın rəssamları qonaqlara təqdim edib. Müstəqil dövlət kimi Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına dövlət səviyyəsində xüsusi diqqətin yetirildiyini qeyd edən baş konsul N.Ağayev, Heydər Əliyev Fondunun dəstəyilə həyata keçirilən layihələrdən və gənc sənətkarların yaradıcılığını dəstəkləyən YARAT Müasir İncəsənət Məkanının fəaliyyəti barədə danışıb.

Çıxışdan sonra YARAT Müasir İncəsənət Məkanının fəaliyyətindən bəhs edən qısa sənədli film nümayiş etdirilib. Həmçinin sərgi iştirakçılarından olan, Azərbaycanın mərhum əməkdar artisti, opera müğənnisi Sona Aslanovanın nəvəsi Lalə Rəhimovanın ifasında klassik musiqi əsərləri səsləndirilib. 

Daha sonra qonaqlar sərgi ilə tanış olublar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi