Yuxarı

Los-Ancelesdə Azərbaycanın klassik musiqi əsərləri səsləndirilib - VİDEO

Los-Ancelesdə Azərbaycanın klassik musiqi əsərləri səsləndirilib - VİDEO

Bakı. 24 avqust. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərinin tarixi Müqəddəs Con Lüteran Kilsəsində (Saint John`s Lutheran Church) Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş konsert proqramı keçirilib. Konsertdə azərbaycanlı vokalist Mərziyyə Hüseynova və pianoçu Aida Elxanzadənin ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri səsləndirilib.

"Report"un xəbərinə görə, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyi və Sakramentoda yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri, həmçinin KİV təmsilçiləri iştirak ediblər.

Konsertdən öncə çıxış edən Sakramentodakı Azərbaycan icmasının fəalı Şəbnəm Qafarova qonaqları salamlayaraq, bu cür önəmli mədəniyyət tədbirinin Kaliforniyanın paytaxtında keçirilməsindən çox məmnun olduğunu bildirib. O, Azərbaycan haqqında tədbir iştirakçılarına məlumat verərək, ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun konsulu Orxan Rüstəmli Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verərək, 100 il əvvəl, 28 may 1918-ci il tarixində Azərbaycan xalqının tariximizin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını (ADR) yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib. O.Rüstəmli həmçinin ölkəmizin zəngin mədəniyyəti və incəsənəti, xüsusilə Azərbaycan klassik musiqisi barədə danışaraq, Azərbaycanın müsəlman dünyasında ilk opera, operetta və baletin vətəni olduğunu vurğulayıb.

Daha sonra azərbaycanlı musiqiçilər M.Hüseynova və A.Elxanzadənin ifalarında Azərbaycan və Avropa klassik musiqi əsərləri təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi