Yuxarı

Lənkəranda I Beynəlxalq Teatr Festivalı başlayıb - FOTO

Lənkəranda I Beynəlxalq Teatr Festivalı başlayıb

Lənkəranda I Beynəlxalq Teatr Festivalı keçirilir.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, festival Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə təşkil olunub.

"Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən festivala ölkəmizin 11 sənət ocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və müstəqil “Ol” Teatrı öz tamaşaları ilə qatılıblar.

Festivalda həmçinin Böyük Britaniyanın “Two Destination Language” Teatrı, Gürcüstanın “Azadlıq” Teatrı, İranın “Muğan Hünər” və “Mika” Teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri iştirak edirlər.

Festival günlərində teatr truppaları təqdim olunacaq tamaşalara baxmaqla yanaşı, bir-biri ilə sənət mübadiləsi etmək, Lənkəranın gəzməli-görməli məkanları ilə tanış olmaq imkanı qazanıblar.

Açılış günündə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri Azərpaşa Nemətov festivalda iştiak edən teatr kolletivlərini təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb.

Britaniya Şurasının direktor müavini Nigar Baimova isə çıxışında 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərdiklərini qeyd edərək Böyük Britaniyanın “Two Destination Language” Teatrının Cənubi Qafqazda ilk dəfə məhz Azərbaycanda “Near Gone” səhnə əsəri ilə çıxış etdiyini bildirib.

Festivalın birinci günü Lənkəran Dövlət Dram Teatrının aktyorları Tərlan Abdullayevin müəllifi və quruluşçu rejissoru olduğu “Tilsimlənmiş qız” tamaşasını oynayıblar. Tamaşanın quruluşçu-rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Günün ikinci yarısında isə Böyük Britaniyanın “Two Destination Language” Teatrının “Near Gone” adlı səhnə əsəri tamaşaçılara təqdim olunub.

Bu gün I Lənkəran Beynəlxalq Teatr Festivalının proqramı çərçivəsində sənətsevərlərə daha 3 tamaşa təqdim olunub. Gəncə Dövlət Kukla Teatrı Ə.Orucoğlunun əsəri əsasında hazırlanmış “Zınqırovlu pişik”, Müstəqil “Ol” Teatrı xalq nağılının motivləri əsasında hazırlanmış “Cəsur şahzadə Məlikməmmədin nağılı”, Bakı Uşaq Teatrının kollektivi isə “Göyçək Fatma” tamaşası ilə çıxış edib.

Tamaşaların sonunda hər üç teatr kollektivinə festivalın təşkilat komitəsi tərəfindən diplom təqdim olunub.

Qeyd edək ki, I Lənkəran Beynəlxalq Teatr Festivalı iyunun 5-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi