“Le Balzak” kinoteatrının direktoru: "Fransızlar Azərbaycan filmlərinə maraqla baxırlar"

“Le Balzak” kinoteatrının direktoru: "Fransızlar Azərbaycan filmlərinə maraqla baxırlar" "Azərbaycan filmlərinin nümayişinin debatlarla müşayiət olunması kinoteatrımızın proqramına yenilik gətirib"
Mədəniyyət siyasəti
3 Aprel , 2018 15:04
“Le Balzak” kinoteatrının direktoru: Fransızlar Azərbaycan filmlərinə maraqla baxırlar

Paris. 3 aprel. REPORT.AZ/ "Son vaxtlar “Le Balzak” kinoteatrında Azərbaycanın iki filmi nümayiş etdirilib və hər ikisi də tamaşaçıların böyük marağına səbəb olub. Bu, Azərbaycanla əməkdaşlığımızın başlanğıcıdır". 

Bu fikirləri “Report”un Qərbi Avropa bürosuna açıqlamasında Parisin tanınmış “Le Balzak” kinoteatrının direktoru Prisilla Gessati bildirib.

Onun sözlərinə görə, dünya şöhrətli fransız yazıçısı Balzakın adını daşıyan kinoteatr 1935-ci ildən fəaliyyət göstərir və tarixin süzgəcindən keçərək mifik bir yerə çevrilib: “Le Balzak” təsis edildiyi zaman cəmiyyətdə ABŞ filmlərinə münasibətdə mənfi fikirlər mövcud olduğundan tənqidlərə məruz qalsa da, filmlərin orijinal versiyada nümayişində davam edirdi. Beləliklə, əsrarəngiz Yelisey çöllərində yerləşən “Le Balzak” tezliklə özünü paytaxtın aparıcı kinoteatrı kimi tanıda bilib. Kinoteatrımızda göstərilən filmlər kino tarixində tutduqları xüsusi yerə görə fərqlənirlər və bu baxımdan, bizim kinoteatra üz tutan kino həvəskarları daha tələbkardırlar. Mən çox sevinirəm ki, “Le Balzak” bu gün də liderliyini öz əlində saxlaya bilib". 

P.Gessati deyib ki, “Le Balzak” fransalı tamaşaçılara Azərbaycanı, kinolarını tanımaq və beləliklə, bu ölkəni daha yaxından öyrənmək imkanı yaradır: "Təəssüflər olsun ki, fransızların əsrarəngiz mədəniyyətə, incəsənətə malik Azərbaycandan və onun kinolarından xəbəri yoxdur. Biz kinoteatrımızda Azərbaycan filmlərini nümayiş etdirən zaman fransalı deputatlar, vəkillər və tanınmış mədəniyyət xadimləri iştirak etmişdilər. Filmlər tamaşaçılarımız tərəfindən yuksək qiymətləndirildi. Hətta “Arşın mal alan”ın nümayişi zamanı Fransa kino sənətinin korifeylərindən olan Robert Hesseynin iştirakı Azərbaycan filmlərinə yüksək maraq və dəyərinin əlamətidir. 90 yaşlı dünya şöhrətli aktyor sonuncu dəfə kinoteatrımıza uzun illər əvvəl, gənc vaxtlarında gəlib. Eyni zamanda Azərbaycan filmlərinin nümayişinin debatlarla müşayiət olunması və bu zaman süfrə ətrafında canlı ünsiyyətin qurulması tamaşaçılarımız tərəfindən çox bəyənilib, kinoteatrımızın proqramına, dəst-xəttinə yenilik gətirib".

Son xəbərlər

Orphus sistemi