Koreyada "İpək Yolu" mədəniyyət festivalında "Azərbaycan günü" keçiriləcək

Koreyada "İpək Yolu" mədəniyyət festivalında "Azərbaycan günü" keçiriləcək Azərbaycanın incəsənət ustaları bir həftə ərzində festivalda çıxış edəcək
Mədəniyyət siyasəti
21 Avqust , 2015 13:00
Koreyada İpək Yolu mədəniyyət festivalında Azərbaycan günü keçiriləcək

Bakı. 21 avqust. REPORT.AZ/ Koreya Respublikasının Qyonqcu şəhərində "İpək Yolu" mədəniyyət festivalı başlayıb. 

"Report" xəbər verir ki, avqustun 21-dən oktyabrın 18-dək davam edəcək beynəlxalq tədbirdə Azərbaycan da geniş heyətlə təmsil olunur. 

Festival çərçivəsində avqustun 22-də "Azərbaycan günü" təşkil ediləcək. Azərbaycan Mədəniyyət Fondunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Seuldakı səfirliyinin dəstəyi ilə keçiriləcək "Azərbaycan günü"ndə Dövlət Rəqs Ansamblının, Qədim Musiqi Alətləri Ansamblı üzvlərinin, pianoçu və solistlərin, Qəbələdən olan saz ifaçılarının çıxışları gözlənilir.

"Azərbaycan günü"ndən başqa, ölkənin incəsənət ustaları bir həftə ərzində hər gün iki dəfə mədəniyyət proqramı ilə çıxış edəcək.

Bu arada Koreya Respublikasının Qyonqcu şəhəri ilə Azərbaycanın Qəbələ şəhəri arasında "Dostluq münasibətlərinin qurulması haqqında" saziş imzalanıb.

Sənədi bu ölkədə səfərdə olan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Qyonqcu şəhərinin meri Çoi Yanq-şik imzalayıblar.

Qeyd edək ki, qədim İpək Yolu üzərində yerləşən hər iki şəhər iqtisadiyyat, biznes və turizm imkanlarından istifadə etməklə əlaqələrin genişlənməsinə töhfə verəcək, tarix, mədəniyyət və arxeologiya sahələri də daxil olmaqla elmi əməkdaşlığa başlayacaq, idman və gənclər istiqamətində birgə tədbirlər təşkil edəcək. 

Son xəbərlər

Orphus sistemi