III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılışı olub - YENİLƏNİB

III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılışı olub - YENİLƏNİB Əbülfəs Qarayev: "Bu festival Azərbaycanda turizmin inkişafı üçün təkandır"
Mədəniyyət siyasəti
1 İyun , 2016 20:37
III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılışı olub - YENİLƏNİB

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Nizami Kino Mərkəzində III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılış mərasimi keçirilib. 

"Report" xəbər verir ki, əvvəlcə ötən festivallara həsr edilmiş videoçarx nümayiş etdirilib. 

Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, turizm filmləri festivalının keçirilməsi ənənəsindən danışıb: "Festivalda 71 ölkədən 400-dən çox film iştirak edir. Bu festival Azərbaycanda turizmin inkişafı üçün təkandır".

*** 18:43

Bu gün Nizami Kino Mərkəzində III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılış mərasiminə həsr edilən mətbuat konfransı keçirilib. 

"Report" xəbər verir ki, mətbuat konfransında III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı ilə bağlı məlumat verilib. Festivalın münsiflər heyəti Azərbaycan filmlərinin festivalda xüsusi yeri oldugunu vurğulayıb, gələcəkdə Azərbaycanın daha böyük, geniş festivallara ev sahibliyi edəcəyini bildirdib.

Qeyd edək ki, festivalda nümayiş etdiriləcək Azərbaycan filmləri subtitrlərlə təqdim ediləcək. 

Xatırladaq ki, III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 1-dən 4-dək baş tutacaq. Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqəti cəlb etməyi də qarşısına məqsəd qoyub.

Festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub. Həmin ölkələr arasında ABŞ, Türkiyə, Argentina, Avstraliya, Baham adaları, Banqladeş, BƏƏ, Braziliya, Butan, Çili, Çin, CAR, Dominikan, Hindistan, İraq, İsrail, Kanada, Kolumbiya, Konqo, Malaziya, Mavritaniya, Meksika, Mərakeş, Misir, Monqolustan, Nepal, Oman, Peru, Ruanda, Şri Lanka, Vyetnam, Yaponiya, Avropa və MDB ölkələri var.

Festivalın seçim komissiyası 28 ölkədən 78 filmi müsabiqə proqramına daxil edib. Seçilən filmlər ölkə, region, şəhər, mədəniyyət, ənənə, reklam filmləri, ekoloji turizm və digər turizm növləri, TV məhsullar (filmlər, videoçarxlar) kateqoriyaları üzrə yarışacaqlar.

Festivalın müsabiqə proqramındakı filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Münsiflər heyətinə tanınmış jurnalist Azər Qərib rəhbərlik edir. Heyətə Azərbaycandan Azər Qəriblə yanaşı Ayaz Salayev, Yusif Şeyxov, Rauf Paşayev, Macarıstandan Endre Florian, Rusiyadan İnna Demejko daxildir.

Hər kateqoriya üzrə 3 film mükafatlandırılacaq.

I yerə - qızıl mükafat – diplom və mükafat

II yerə - gümüş mükafat - diplom və mükafat

III yerə - bürünc mükafat - diplom və mükafat təqdim ediləcək.

Festivalın ən yaxşı filmi isə "Qran-pri" – diplom və mükafatla təltif olunacaq.

Yerli filmlər eyni zamanda Milli Mükafat uğrunda mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi