II Dünya müharibəsinin 75 illiyi münasibətilə müsabiqə elan olundu

II Dünya müharibəsinin 75 illiyi münasibətilə müsabiqə elan olundu “Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasında Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnı müsabiqəsi elan edilib.
Mədəniyyət siyasəti
8 Aprel , 2020 14:52
II Dünya müharibəsinin 75 illiyi münasibətilə müsabiqə elan olundu

“Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasında Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnı müsabiqəsi elan edilib.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, müsabiqənin təşkilatçıları Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır. 

Müsabiqə bir kateqoriya üzrə - vətənpərvərlik ruhunda mahnı - seçim turundan ibarətdir. Seçim mərhələsi sənədlərə və audioyazılara əsaslanır və müsabiqənin iştirakçılarını müəyyənləşdirir.

Müsabiqənin keçirilmə tarixi 10 aprel - 9 may, 2020-ci il, keçirildiyi yer, Azərbaycan Bəstəkarlar İttifaqı (Xaqani küçəsi, 53, Bakı). 

Münsiflər heyəti Firəngiz Əlizadə - sədr, Cəlal Abbasov - üzv, Gövhər Həsənzadə - üzv, Həcər Babayeva - üzv, Elnara Dadaşova - üzv, Lətifəxanım Əliyeva - kordinatordur. 

Müsabiqədə yaşı 20-dən yuxarı olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilərlər. Son müraciət tarixi 9 may 2020-ci ildir. 

İştirakçılar [email protected] elektron ünvanına mahnının yüksək formatda yazılmış audio versiyasını, öz şəkil və qısa yaradıcılıq xülasəsini göndərərək qeydiyyatdan keçə bilərlər.

Göndərilən musiqi parçaları ənənəvi musiqi mədəniyyətimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirməklə yanaşı, həmçinin vətənpərvərlik ruhunu da dinləyicilər üçün ən aydın və cəlbedici şəkildə çatdırmağa müvəffəq olmalıdır.

Müsabiqəyə qeydiyyat yalnız onlayn şəkildə aparılır. İştirakçılar tərəfindən fərdi şəkil, yaradıcılıq xülasəsi və audio yazı (5 dəqiqədən çox olmamaq şərti ilə) yuxarıda qeyd olunan elektron ünvana göndərilməlidir. Ərizənin doldurulduğu tarixdən 6 ay əvvəldən tez olmayaraq öndən, sinədən yuxarı çəkilmiş və yüksək keyfiyyətli rəqəmsal formatda şəkillər olmalıdır (minimum 300 dpi). Şəkillərin istifadəsinə dair müəllif tərəfindən iddia olunmamalıdır. Şəkillərdən rəsmi proqramlarda, web-saytlarda və ictimai əlaqələr məqsədilə istifadə olunacaqdır.

Qeydiyyat forması tam doldurulmadığı halda, həmin ərizənin qəbulu prosesi dayandırıla bilər.

Müsabiqə ilə bağlı ətraflı məlumatı [email protected] elektron ünvanı vasitəsilə əldə etmək mümkündür. Seçim mərhələsi ərizəçilər tərəfindən təqdim olunmuş musiqi parçalarına əsasən həyata keçiriləcəkdir.

Müsabiqə dinləyicilər üçün qapalı şəraitdə keçirilir. Müsabiqənin qalibləri barədə məlumatlar əsas mərhələ başa çatdıqdan sonra mct.gov.az saytında rəsmi olaraq yayımlanacaqdır.

5 nəfərdən ibarət Münsiflər heyəti reytinq qiymətləndirmə sisteminə əsasən iştirakçıların təqdim etdiyi mahnılara öz rəyini bildirəcək. Münsiflərin ayrı-ayrılıqda qərarlaşdırdıqları fərdi qiymətləndirmə siyahıları ümumi cədvələ köçürüləcək və orta qiymətləndirmə hesabatı ictimaiyyətə açıqlanmazdan əvvəl münsiflər tərəfindən müzakirə olunacaq.

Müsabiqə zamanı münsiflərlə iştirakçılar arasında heç bir ünsiyyətə icazə verilmir. Bu qayda müsabiqəni tərk etmiş iştirakçıya aid edilmir.Münsiflər heyətinin verdiyi qərara qarşı heç bir etiraz və ya şikayət qəbul edilmir.

Mükafatlar

Qran-Pri - 2 000 manat məbləğində pul mükafatı

Birinci yer - 1 500 manat məbləğində pul mükafatı

İkinci yer - 1 250 manat məbləğində pul mükafatı

Üçüncü yer - 1 000 manat məbləğində pul mükafatı

Münsiflər heyəti yerlərdən hansınısa heç bir iştirakçıya verməmək və ya eyni yeri bir neçə iştirakçıya vermək hüququna malikdir

Əgər bir neçə qalib eyni yeri tutarsa, onda həmin yer üçün müəyyən edilmiş mükafat həmin qaliblər arasında tam şəkildə bölüşdürülməlidir

Qaliblərə təşkilatçılar və fərdi şəxslər tərəfindən müsabiqəni dəstəkləmək məqsədilə əlavə mükafatlar təqdim oluna bilər.

Mükafatlar qaliblərə şəxsən nağd pulla təqdim ediləcəkdir.

Müsabiqəyə göndərilmiş musiqi materialı daha öncə heç bir kütləvi informasiya vasitəsi və tədbirlərdə səslənməməlidir.

Son xəbərlər

Orphus sistemi