Yuxarı

İranın üç şəhərində "Azərbaycan mədəniyyəti günləri" keçiriləcək

İranın üç şəhərində "Azərbaycan mədəniyyəti günləri" keçiriləcək
Əbülfəs Qarayev İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Bakı. 27 dekabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 27-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ilə görüşüb. 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report" a verilən məlumata görə, Ə.Qarayev Azərbaycanla İran arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini deyib. 

O bildirib ki, iki ölkə arasında tarixi, mədəni və dini bağlılıq münasibətlərin inkişafına müsbət təsir göstərir: “Azərbaycan və İran arasında qədim tarixə malik münasibətlər bir çox sahələri əhatə edir və ildən-ilə genişlənir. Mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanlarımız var”.

Ə.Qarayev son illər Azərbaycanda turizm sənayesinin inkişafı istiqamətində həyata keçirilən işlər haqqında məlumat verərək, ölkəyə gələn turistlərin sayında İran vətəndaşlarının da çoxluq təşkil etdiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2017-ci ildə  İranın Tehran, İsfahan və Ərdəbil şəhərlərində Azərbaycan "Mədəniyyəti günləri"nin təşkil olunması planlaşdırılır. 

Nazir gələn ilin may ayında Azərbaycanda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda İran nümayəndə heyətini daha fəal iştiraka dəvət edib.

Mahmud Vaezi iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək bu münasibətlərin daha da yüksəldilməsinin vacibliyini vurğulayıb. O, mövcud əməkdaşlığın və dost münasibətlərin genişləndirilməsində Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhaninin rolunu xüsusi qeyd edib: “Prezidentlər arasında olan dostluq ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına müsbət təsir göstərir. Tarixi, mədəni və dini birliyin olması Azərbaycanla İran arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verir. İnanıram ki, qarşıdakı illərdə əlaqələrimiz daha da güclənəcək”.

Digər sahələrdə olduğu kimi, turizm sahəsində də əməkdaşlığın inkişaf etdiyini vurğulayan qonaq İran vətəndaşlarının Azərbaycana böyük maraq göstərdiyini xüsusi qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi