Strasburqda İmadəddin Nəsiminin 650 illiyi münasibətilə muğam konserti keçirilib

Strasburqda İmadəddin Nəsiminin 650 illiyi münasibətilə muğam konserti keçirilib Fransanın Strasburq şəhərində İmadəddin Nəsiminin 650 illiyi və UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibətilə sentyabrın 26-da “Qarabağ” muğam qrupunun ifasında konsert keçirilib.
Mədəniyyət siyasəti
27 Sentyabr , 2019 16:22
Strasburqda İmadəddin Nəsiminin 650 illiyi münasibətilə muğam konserti keçirilib

Fransanın Strasburq şəhərində İmadəddin Nəsiminin 650 illiyi və UNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibətilə sentyabrın 26-da “Qarabağ” muğam qrupunun ifasında konsert keçirilib. 

“Report”un Fransa bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyi və UNESKO üzrə Azərbaycan Milli Komissiyasının Strasburqun mərkəzində yerləşən qədim Sən-Pyer-lö-Jön (Saint-Pierre-le-Jeune) kilsəsində birgə təşkil etdiyi konsertdə Avropa Şurası rəsmiləri, diplomatik korpusun təmsilçiləri, yerli akademik və ictimai dairələrinin nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər. 

Musiqi mərasimini giriş sözü ilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov açaraq Avropanın paytaxtı kimi qəbul edilən Strasburq şəhərində təşkil edilən mədəniyyət tədbirinin məqsəd və məramı haqqında məlumat verib, dahi ədib və filosof İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatına yetirdiyi misilsiz töhfəyə istinad edib və onun xalqımızın qəlbində əbədi məkan saldığını bildirib. O eyni zamanda Azərbaycan milli müsiqisinin incisi olan muğamdan bəhs edib və tədbirdə səsləndiriləcək Nəsiminin qəzəllərindən ibarət konsert proqramının şairin mistik ədəbiyyat dünyasına bir səyahət təşkil edəcəyini qeyd edib.

Daha sonra UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, səfir Elnur Sultanov Nəsimi yaradıcılığından söz açıb, Azərbaycan dilinin inkişafındakı rolunu vurğulayıb və onun əsərlərində insanın mərkəzi yer tutduğunu diqqətə çatdırıb. E.Sultanov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin UNESKO-nun görkəmli şəxsiyyətləri və əlаmətdаr hadisələrinin yubileyləri siyahısına daxil edildiyini və beynəlxalq miqyasda qeyd olunduğunu bildirib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamın imzalandığını qeyd edən səfir eyni zamanda dövlətimizin başçısının digər sərəncamı ilə 2019-cu ilin ölkəmizdə "Nəsimi İli” elan olunduğu barədə məlumat verib. Diqqətə çatdırıb ki, bu sərəncamlara əsasən, Nəsiminin 650 illiyinin ölkəmizdə və onun hüdudlarından kənarda geniş şəkildə qeyd edilir. Bu, mütəfəkkir şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir. O, 25 illiyi tamam olan UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının fəaliyyət istiqamətləri və Azərbaycanla UNESKO arasındakı əməkdaşlıq haqqında məlumat verib, bu əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərini vurğulayıb.

Azərbaycanın Xalq artisti Mənsum İbrahimov və gənc xanəndə Sədəf Budaqova, Əməkdar artistlər - Elçin Haşımov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) müşayiətində Nəsiminin qəzəlləri üzərində köklənən füsunkar muğam nümunələri ifa ediblər.

Musiqi proqramı Sən-Pyer-lö-Jön kilsəsində toplaşan geniş auditoriya tərəfindən böyük rəğbət və sürəkli alqışlarla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi