Heydər Əliyev Mərkəzində Gürcüstanın Xalq Artisti Vaxtanq Kikabidzenin konserti olub

Heydər Əliyev Mərkəzində Gürcüstanın Xalq Artisti Vaxtanq Kikabidzenin konserti olub Gürcüstanın Xalq Artisti, görkəmli kino aktyoru və müğənnisi Vaxtanq Kikabidzenin solo konserti keçirilib
Mədəniyyət siyasəti
21 Dekabr , 2014 02:32
Heydər Əliyev Mərkəzində Gürcüstanın Xalq Artisti Vaxtanq Kikabidzenin konserti olub

Bakı. 21 dekabr. REPORT.AZ/ Dekabrın 20-də Heydər Əliyev Mərkəzində Gürcüstanın Xalq Artisti, görkəmli kino aktyoru və müğənnisi Vaxtanq Kikabidzenin solo konserti keçirilib.

Heydər Əliyev Mərkəzindən "Report"-a bildiriblər ki, konsertin əvvəlində Bakının gözəlliyindən söz açan ifaçı paytaxtımızın sakinləri və şəhərimizin qonaqları qarşısında çıxışından qürür hissi duyduğunu bildirib.

Vaxtanq Kikabidze ecazkar səsi və zamanın fövqündə duran mahnıları ilə yenidən qəlbləri fəth edib. O, yaradıcılığının müxtəlif dövlərinə aid mahnıları tamaşaçılara onların tarixçələrini danışaraq təqdim edib. Şux zarafatlar, məzəli söhbətlərlə zalda şən ovqat yaradan ifaçının çıxışı alqışlarla qarşılanıb.

V.Kikabidzenin Bakı tamaşaçılarına təqdim etdiyi repertuarda məşhur “Mənim illərim - mənim sərvətim”, “Mimino” filmindəki mahnıları da yer alıb. Heydər Əliyev Mərkəzinin səhnəsində ikinci dəfə çıxış etdiyini vurğulayan sənətkar bu ilin yanvarında həmin səhnədə təqdim olunan “Vera məhəlləsinin musiqiləri” müziklinin əsas mahnısını yenidən ifa edib.

Canlı əfsanə, səhnəni tanınmış gürcü müğənnisi Liza Baqrationi ilə bölüşüb. İlk dəfə Bakıda olan ifaçı buradakı gözəlliyə və xeyirxahlığa valeh olduğunu bildirib. O, tamaşaçılara iki mahnı təqdim edib.

Konsertin sonunda tamaşaçıların alqışları ilə bir neçə dəfə yenidən səhnəyə qayıdan V.Kikabidze proqramı Azərbaycan xalq mahnısı “Bəri bax”ın da daxil edildiyi “Qafqaz popurisi” ilə sona çatdırıb. O, bakılıları qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib, onlara sevgi və səadət dolu günlər arzulayib.

V.Kikabidze konsertdən əvvəl jurnalistlərə verdiyi müsahibə Bakını çox sevdiyini bildirərək deyib: “Mən həmişə çıxışlarımda demişəm ki, iki şəhərdə məmnuniyyətlə yaşayaram-onlardan biri Tbilisi, digəri Bakıdır. Mən bu şəhəri sevirəm və özümü burada çox yaxşı hiss edirəm. Burada mənim çoxlu dostlarım var və tez-tez bir-birimizə qonaq gedirik”.

İlk dəfə Bakıya 40-50 il əvvəl gəldiyini söyləyən sənətkar son illər bu şəhərin çox gözəl və möhtəşəm olduğunu bildirib: “Mən unikal Heydər Əliyev Mərkəzinin səhnəsində ikinci dəfədir çıxış edirəm və tamaşaçılara səmimi münasibət, sevgi və hörmətə görə minnətdarlığımı bildirirəm. Bu heyrətamiz bina məni yalnız memarlığı ilə deyil, həm də hər bir sənətçinin uğurlu çıxışı üçün vacib əhəmiyyət daşıyan xoş aurası ilə valeh edib”.

Son xəbərlər

Orphus sistemi