Yuxarı

Gürcüstandakı "Ceyran" rəqs qrupuna Azərbaycan milli geyimləri hədiyyə olunub

Gürcüstandakı "Ceyran" rəqs qrupuna Azərbaycan milli geyimləri hədiyyə olunub
Əflatun Amaşov martın 27-də Gürcüstanda fəaliyyət göstərən Ceyran rəqs qrupunun üzvləri ilə görüşüb

Tbilisi. 27 mart. REPORT.AZ/ Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov martın 27-də Gürcüstanda fəaliyyət göstərən "Ceyran" rəqs qrupunun üzvləri ilə görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Tbilisidəki M.F.Axudnzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən görüşdə Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafı, mədəniyyətimizin təbliği, azərbaycanlı gənclərin gürcü cəmiyyətinə inteqrasiyası və s məsələlər müzakirə olunub.

Əflatun Amaşov deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin ictimai-siyasi həyatında fəal rol oynayırlar. Gənclərimizin gürcü dilini, qanunvericiliyini mükəmməl bilməsi olduqca vacibdir. Gürcüstan hökumətinin gürcü dilini mükəmməl bilən azərbaycanlı gənclərə ehtiyacı var. Azərbaycan dövləti də Gürcüstan ilə əlaqələrin inkişafına böyük önəm verir. Bu ölkədə yaşayan soydaşlarımızın da qayğılarına diqqətlə yanaşır.

Sonra Ə.Amaşov Ceyran rəqs qrupuna 20 dəst milli geyim forması hədiyyə edib. Bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gürcüstandakı soydaşlarımıza dəstəyi bununla kifayətlənməyəcək. Bu cür yardımlar davamlı olacaq.

Rəqs qrupunun rəhbəri Ceyran Qurbanova göstərilən diqqət və qayğıya görə, minnətdarlıq edib. Bildirib ki, bu gün rəqs qrupunda azərbaycanlılarla yanaşı gürcülər də çalışırlar, milli rəqslərimizi öyrənirlər. Biz, Azərbaycan və gürcü xalqları arasında dostluq və mədəni əlaqələrin inkişafı, milli mədəniyyətimizin təbliği istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.

Ceyran rəqs qrupunun üzvləri “Sarı gəlin”, “Turacı” və s rəqslərimizi ifa ediblər.

Görüşdə, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, muzeyin işçiləri, tələbələr qatılıblar.

Əflatun Amaşov muzeyə də çox qiymətli kitablar hədiyyə edib. Bildirilib ki, bu kitablar Gürcüstanda yaşayan azərbaycanlılarıa Azərbaycan Xalq Cümhuriyyətinin tarixini öyrənməkdə ən yaxşı əyani vəsait, elm mənbəyidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi