Gənclərin maraq göstərmədiyi teatrlar qoca düşüncədən qaçmalıdırmı? - ARAŞDIRMA

Gənclərin maraq göstərmədiyi teatrlar qoca düşüncədən qaçmalıdırmı? - ARAŞDIRMA Milli teatrlara tamaşaçı axını yüksək səviyyədə deyil
Mədəniyyət siyasəti
4 İyun , 2018 12:06
Gənclərin maraq göstərmədiyi teatrlar qoca düşüncədən qaçmalıdırmı? - ARAŞDIRMA
0 : 00
0 : 00

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan teatrlarına tamaşaçı axını yüksək səviyyədə deyil. 

"Report"un keçirdiyi sorğuya qoşulan hər iki gəncdən biri teatra maraq göstərmədiyini bildirib.

“Teatra gedirsinizmi, biletlərin qiyməti sizi qane edirmi” suallarını 13 respondent cavablandırıb. 16-25 yaş həddində olan Bakı sakinlərinin 6-sı teatrla maraqlanmadığını, 5 respondent isə teatr tamaşalarını çox sevdiyini bildirib. İki sakin isə vaxt qıtlığından tamaşalara gedə bilmədiyini deyib. Sorğu iştirakçıları Gənc Tamaşaçılar Teatrı, Opera və Balet Teatrı, Musiqili Komediya Teatrı, Akademik Milli Dram Teatrı və Nəsibə Zeynalovanın rol aldığı “Hicran” tamaşasının adını hallandırıblar. Üç sakin biletin qiymətindən razı, 1 nəfər isə narazı olduğunu söyləyib.

"Report" müasir Azərbaycan gəncinin teatra marağının az olmasının səbəbini araşdırmaq üçün sənət adamlarına müraciət edib.

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova teatra gələn tamaşaçılar arasında gənclərin sayının çoxluq təşkil etdiyini vurğulayıb: “Tamaşaçılarımız təkcə ədəbiyyat, mədəniyyət və incəsənət fakültələrində təhsil alan tələbələr deyil. Bütün sahələrdə oxuyan və çalışan gənclər teatra həvəs göstərirlər. Amma bütövlükdə Azərbaycan gəncnin teatra marağını o qədər də yüksək qiymətləndirmirəm. Teatr elə sənət növüdür ki, hər bir zamanın ən aktual məsələ və problemlərini güzgü tək əks etdirir. İnsanlar teatr vasitəsilə özünü, insanlığın mənəvi tərəflərini görə bilir. Bütün janrlarda olan tamaşalara maraq var. Təbii ki, o baxır əsərə, quruluşa və daha çox da kimlərin o tamaşada çıxış etməsinə. Hər bir teatrın yaş etibarı ilə öz tamaşaçısı var. Bizim teatrda uşaqlar və böyüklər üçün tamaşalar nümayiş olunduğundan yaş həddi də müxtəlifdir. Ən kiçik tamaşaçımızın 3 yaşı olur, hətta 80 yaşı haqlayan qocaman tamaşaçımız da var. Bu gün Musiqili Teatrın repertuarında sanballı tamaşa az deyil. Biz üç ay öncədən nümayiş etdiriləcək tamaşaların repertuar planlarını hazırlayırıq. Repertuarımız həmişə zəngindir. Bu baxımdan tamaşaçı öz zövqünə uyğun tamaşanı ürəklə seçə bilir”.

Gənc Tamaşaçılar Teatrının əməkdaşı, xalq artisti Yasin Qarayev deyib ki, ölkə başçısının təşəbbüsü ilə təmirdən çıxan və yenilənən Gənc Tamaşaçılar Teatrı gənclərin və bütün teatr həvəskarlarının xidmətindədir: "Şagird və tələbələrin teatra cəlb olunmasında oxuduğu təhsil müəssisəsinin rəhbərliyi da mühüm rol oynamalı, uşaqlarda, gənclərdə incəsənətə, teatra maraq yaratmalıdır. Gənc Tamaşaçılar Teatrı təşkilatçılığı, aktyor və rejissor heyəti, həmçinin repertuarı ilə gənclərin zövqünü oxşamaqdadır. Teatr izləyici kütləsindən də razıdır. Gənclərin teatr sənətinə marağını yüksək qiymətləndirmək olar. Xüsusən klassiklərimizin əsərlərinə müasir gəncin böyük marağı var”.

Əməkdar artist Pərviz Məmmədrzayev

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, əməkdar artist Pərviz Məmmədrzayev gənclərdə sənətə maraq oyatmaq məhz teatrın öz öhdəliyinə düşür: "Tamaşalarımıza üz tutan gənclərin sayı az deyil, lakin tamaşaçıya göstərilən dəyərli iş azdır. Teatr izləyicidə maraq oyatmaq üçün əlindən gələni etməlidir. İzləyici tamaşadan nəticə əldə etməlidir, çünki onun marağını ödəmək teatrın borcudur. Müasir gənc daha çox komediya janrına üstünlük verir. Teatr tamaşaçının etimadını itirməməli, daim yeniliyə açıq olmalı, auditoriyaya, gənc nəslə nümayiş etdiyi tamaşa ilə mesaj verməli, hansısa problemin həlli yolunu tapmağa çalışmalıdır. Bu zaman teatra hər kəs həvəslə gələcək. Teatr qoca düşüncədən qaçmalıdır. Rejissor da aktyor da qoca ola bilər, amma düşüncə gənc olmalıdır və yeniliklərə açıq olmalıdır. Köhnə fikirlərlə gənc nəslə əsla diktə etmək olmaz. Teatrda canlı nəfəs var. Onu rejissor aktyora çatdırmalı, sonra isə aktyor bunu izləyiciyə ötürməlidir”.

Jalə Əlisoy 

Son xəbərlər

Orphus sistemi