Yuxarı

Fransa səfiri: "Azərbaycanda turizm sektorunun inkişafına töhfə vermək istəyirik"

Fransa Azərbaycanda turizm sektorunun inkişafına töhfə vermək istəyir

Bakı. 2 mart. REPORT.AZ/ "Azərbaycanda turizm sektorunun inkişafına töhfə vermək istəyirik".

"Report" xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez Bakıda "Fransanın dadı" (Goût de France) qastronomiya festivalının açılışı münasibətilə keçirilən mətbuat konfransında deyib.

"Xoşbəxtəm ki, Azərbaycanda belə bir tədbir keçirilir. Məqsədimiz Azərbaycan xalqını Fransanın zəngin mətbəxi ilə tanış etməkdir. Bu gün biz Azərbaycanın turizm sektorunda dinamik artım müşahidə edirik. Biz də bu inkişafa "Goût de France" festivalı ilə töhvə verməyi qərara aldıq. Belə ki, ölkə mətbəxinin müxtəlifliyi turistləri ölkəyə cəlb edən meyarlardan biridir", - diplomat bildirib.

A.Buşez söyləyib ki, Fransada qastronomiyanın müxtəlifliyi turizm sektorunun inkişafına böyük təsir göstərir və ölkə ÜDM-nin 7% -ni təşkil edir.

Səfir əlavə edib ki, festival üçün yeməklərin hazırlanmasında yerli məhsullara üstünlük veriləcək, çünki Azərbaycan məhsulları yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz və əlverişlidir.

Xatırladaq ki, martın 1-dən 16-dək Bakının bir sıra restoranlarında "Fransanın dadı" (Goût de France) qastronomiya festivalı keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi