"Al Jazeera" TV Azərbaycanla bağlı filmlərin yayımına başlayıb - VİDEO

"Al Jazeera" TV Azərbaycanla bağlı filmlərin yayımına başlayıb - VİDEO Al Jazeera Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin Al Jazeera “Musafir” proqramında yayımına başlanılıb.
Mədəniyyət siyasəti
2 Dekabr , 2019 16:51
Al Jazeera TV Azərbaycanla bağlı filmlərin yayımına başlayıb - VİDEO

"Al Jazeera" Media Şəbəkəsinin Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə hazırladığı Azərbaycana həsr edilmiş sənədli filmlərin "Al Jazeera" “Musafir” proqramında yayımına başlanılıb.

"Report" xəbər verir ki, filmlər Azərbaycanın zəngin tarixi, mədəniyyəti, əsrarəngiz təbiəti, insanların qədim ənənələri, yaşam tərzini, turizm potensialını ərəb dünyasına çatdırmaq məqsədi daşıyır. 

Hər biri 25 dəqiqədən ibarət olan 5 film Bakı və Naxçıvan şəhərləri daxil olmaqla, Azərbaycanın əksər regionlarını əhatə edir.

20 iyun-12 iyul tarixlərində Azərbaycanda səfərdə olan "Al Jazeera" Musafir proqramının çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli, görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Artıq Bakı ilə bağlı ilk film ərəb dünyasına təqdim edilib. 

Filmlər hər şənbə günündən ardıcıl olaraq "Al Jazeera" “Musafir” proqramı vasitəsi ilə göstərilməklə bütün beş həftə ərzində hər gün nümayiş etdiriləcək.

BAMF-ın prezidenti Umud Mirzəyev ölkəmizin ərəb dünyasında təqdim edilməsi və tanıdılması baxımından filmlərin xüsusi əhəmiyyətini qeyd edib: “Ümumilikdə, filmlər ölkəmiz haqqında mükəmməl təəssürat yaradır və misilsiz kadrlara malikdir. Bu vaxtadək İspaniya, Hollandiya, Malaziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparan "Al Jazeera" “Musafir”in bu peşəkar komandası ilə birlikdə işləmək və ölkəmizi təqdim etməkdən böyük qürur duyuruq. Film yüksək peşəkar komandanın və ən son imkanlara malik avadanlıqların istifadəsi ilə ölkəmizi ətraflı, əhatəli dünyaya təqdim edən ilk beynəlxalq sənədli filmdir desəm, bəlkə də, yanılmaram. Bu layihənin meydana gəlməsində "Al Jazeera" Media Şəbəkəsinin baş direktoru, dostumuz Mustafa Souj, İbrahim Hamdan və Sami Əl Haccın xidmətlərini xüsusi qeyd etmək istərdim. Ekran əsərinin təqdimatı planlaşdırılır və Azərbaycan dilinə tərcümə olunaraq ölkə ictimaiyyətinə təqdim ediləcək".

"Al Jazeera" "Musafir" proqramının məşhur aparıcısı Hazim Abuvaftanın və baş prodüsser Ziyad Calalın təqdimatı ilə hazırlanan filmin çəkiliş üzrə direktoru Nikolas Libersaledir. 

Son xəbərlər

Orphus sistemi