Ədəbiyyat Muzeyi Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyinə yeni materiallar təqdim edəcək

Ədəbiyyat Muzeyi Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyinə yeni materiallar təqdim edəcək Tbilisi. 25 sentyabr. REPORT.AZ/ “AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə müxtəlif materiallar təqdim edəcək”.
Mədəniyyət siyasəti
25 Sentyabr , 2018 14:44
Ədəbiyyat Muzeyi Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyinə yeni materiallar təqdim edəcək
0 : 00
0 : 00

Tbilisi. 25 sentyabr. REPORT.AZ/ “AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə müxtəlif materiallar təqdim edəcək”.

“Report”un Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov jurnalistlərə bildirib.

O, Tbilisiyə səfəri çərçivəsində M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkdiyini deyib: “Bizim muzeyin dünyanın bir sıra aparıcı muzeyləri ilə yanaşı Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi ilə də əlaqələri var. Bu əlaqələri daha da inkişaf etdirməyə qərar vermişik. Muzeyin çox zəngin ekspozisiyası var və orada kifayət qədər maraqlı materiallar toplanıb. Ədəbiyyat Muzeyində yalnız ədəbiyyat ilə bağlı deyil, mədəniyyət ilə də bağlı çoxlu qiymətli, Azərbaycan və Gürcüstan arasında ədəbi-mədəni əlaqələri nümayiş etdirən eksponatlar var. Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyinin ekspozisiyasını zənginləşdirmək məqsədilə yaxın zamanlarda muzeyə kifayət qədər material, kitablar və ayrı-ayrı sənədlər təqdim edəcəyik”.

R.Hüseynovun sözlərinə görə, Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi yalnız Gürcüstanda yaşayan azərbaycanlılara öz tarixi və mədəniyyətini bilməsinə deyil, həm də gürcü və Gürcüstanda yaşayan digər xalqların Azərbaycan mədəniyyəti ilə bağlı bilgilərinin genişləndirilməsinə də xidmət etməlidir.

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının məsələsinə toxunan R.Hüseynov mədəniyyət ocağının diqqət və qayğıya ehtiyacının olduğunu qeyd edib: “Gürcüstan və Azərbaycanın aidiyyatı qurumları bu məsələyə diqqət ayırmalıdırlar. Milli Məcsilin Mədəniyyət komitəsinin sədri olaraq bu əlaqələrin yaradılmasına çalışacağam. Həmçinin Azərbaycanın Mədəniyyət Nazirliyi və teatr ictimaiyyəti də Tbilisidəki teatrın normal fəaliyyət göstərməsinə imkanın yaradılması üçün Gürcüstanın rəsmi strukturları ilə əlaqə yaratmalıdırlar”.

R.Hüseynov əlavə edib ki, Gürcüstanda Azərbaycanla bağlı mədəni, elmi, sənət və təhsil mühiti inkişaf etdirilməlidir və bu məsələdə azərbaycanlı gənclərin üzərinə böyük məsuliyyət düşür. 

Son xəbərlər

Orphus sistemi