Əbülfəs Qarayev Xalq artistini mükafatlandırıb

Əbülfəs Qarayev Xalq artistini mükafatlandırıb
Mədəniyyət siyasəti
30 Dekabr , 2019 12:27
Əbülfəs Qarayev Xalq artistini mükafatlandırıb

Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tanınmış aktrisası, Xalq artisti Fatma Mahmudovanı teatr sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyəti və 65 illik yubileyi münasibəti ilə mükafatlandırıb.

Teatrdan "Report"a verilən məlumata görə, Akademik Musiqili Teatrda F.Mahmudovanın şərəfinə təşkil olunan səmimi toplantıda teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Mədəniyyət nazirinin "31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi" və Yeni il Bayramı ərəfəsində sevilən aktrisaya ünvanladığı təbrikləri çatdırıb və imzaladığı "Fəxri Fərmanı" ona təqdim edib.

Təqdimat mərasimində aktrisanın illərlə eyni səhnəni bölüşdüyü sənət dostları, Əməkdar artistlər – Çingiz Əhmədov, Əkbər Əlizadə, Nahidə Orucova və başqaları da çıxış edərək Xalq artistinə xoş və səmimi təbriklərini bildiriblər.

Fatma Mahmudova ona göstərilən xüsusi diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə və Akademik Musiqili Teatrın rəhbərliyinə minnətdarlığını bildirib. O qeyd edib ki, onun üçün qürurverici bir hadisədir.

Qeyd edək ki, Fatma Mahmudova 1954-cü ilin 30 dekabrında Ağdam rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan F.Mahmudova 1968-ci ildən başlayaraq uzun müddət Ağdam Dövlət Dram Teatrında çalışıb. Bu müddət ərzində həmin teatrın səhnəsində aparıcı aktrisa kimi bir çox tamaşalarda özünəməxsus obrazlarla teatrsevərlərin qəlbinə yol tapıb, onların sevimlisinə çevrilə bilib.

1994-cü ildən taleyini Azərbaycan Dövlət Akademik Musiqili Teatrına bağlayan istedadlı aktrisa burada da nümayiş olunan tamaşaların əksəriyyətində bir sıra maraqlı obrazlar yaradıb. Azərbaycan telemekanında müxtəlif seriallarda, Azərbaycan kinofilmlərində aktrisanın bir-birindən maraqlı obrazları hər zaman tamaşaçılar tərəfindən sevgi ilə qarşılanır.

Fatma Mahmudova 1989-cu ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür. 

Son xəbərlər

Orphus sistemi