Əbülfəs Qarayev Nyu-York şəhərinin Bruklin inzibati rayonunun prezidenti ilə görüşüb

Əbülfəs Qarayev Nyu-York şəhərinin Bruklin inzibati rayonunun prezidenti ilə görüşüb Əbülfəs Qarayev Bruklin inzibati rayonu ilə mədəni mübadilə proqramının yaradılmasını təklif edib
Mədəniyyət siyasəti
31 Avqust , 2016 18:35
Əbülfəs Qarayev Nyu-York şəhərinin Bruklin inzibati rayonunun prezidenti ilə görüşüb

Bakı. 31 avqust. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycana səfəri çərçivəsində Nyu-York şəhərinin Bruklin inzibati rayonunun prezidenti Erik Adamsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şəbəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 30-dan sentyabrın 3-dək Bakıda səfərdə olan nümayəndə heyətinin tərkibinə Bruklin inzibati rayonunun prezidentinin müavini Rozental Marietta və köməkçisi Dimon Stefani Ama Evelin daxildir.

Görüşdə mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələr müzakirə olunub, gələcək əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılıb.

Nazir Əbülfəs Qarayev Bruklin inzibati rayonundan Bakıya istedadlı, yaradıcı, gənc uşaqlar üçün mədəni mübadilə proqramının yaradılmasını təklif edib.

Erik Adams Azərbaycan haqqında yüksək fikirlərini ifadə edərək, ikitərəfli əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib və mədəni mübadilə proqramının həyata keçirilməsi təklifini yüksək qiymətləndirib, bu istiqamətdə görülən işlərin həm mədəniyyət, həm də turizm sahəsində ikitərəfli əlaqələrə müsbət təsir göstərəcəyini deyib.

Ə.Qarayev 2017-ci ildə Bakı şəhərində keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verib və nümayəndə heyətini bir çox ölkənin yüksək səviyyəli dövlət rəsmilərini, ekspert və media nümayəndələrini bir araya gətirən bu forumda iştiraka dəvət edib.

Xatırladaq ki, nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra rəsmi görüşlərlə yanaşı, Azərbaycan Xalça Muzeyinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna və Heydər Əliyev Mərkəzinə ekskursiyaları nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi