Əbülfəs Qarayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

Əbülfəs Qarayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb Görüşdə əlaqələrin daha da genişləndirilməsi üçün birgə işlər görülməsi barədə fikir mübadiləsi aparılıb
Mədəniyyət siyasəti
14 İyun , 2017 18:25
Əbülfəs Qarayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

Bakı. 14 iyun. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, görüş zamanı ölkələr arasında turizm sektorunda ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, gələcəkdə bu sahədə əlaqələrin daha da genişləndirilməsi üçün birgə işlər görülməsi barədə fikir mübadiləsi aparılıb.

Giorgi Qaxaria Azərbaycanda bu sahədə aparılan yeniliklərdən məlumatlılığını bildirərək, Azərbaycanın turizm istiqamətində geniş perspektivlərə malik olduğunu deyib. Nazir Gürcüstanda həyata keçirilən layihələr haqqında məlumat verib, dağ-xizək, sağlamlıq, termal turizm növlərinin inkişafından söz açıb.

Nazir Əbülfəs Qarayev Gürcüstanın regionda turizm klasteri kimi mühüm rol oynadığını və bu sahədəki təcrübənin ölkəmiz üçün müsbət nümunə olduğunu bildirib. Birgə əməkdaşlığın genişlənmdirilməsi, qarşılıqlı layihələrin həyata keçirilməsindən məmnunluğunu ifadə edən nazir ölkəmizdə inkişaf edən dağ-xizək, sağlamlıq turizm növləri haqqında məlumat verib. Nazir Şahdağ Turizm Mərkəzinin imkanlarından söz açaraq təklif edib ki, bu istiqamətdə iki ölkəni əhatə edən turlar təşkil olunsun. 

Sağlamlıq turizminin ölkədə geniş inkişaf perspektivlərinin olduğunu qeyd edən Ə.Qarayev Naftalan, Qalaaltı kimi sanatoriyaların müalicəvi əhəmiyyətindən danışıb. O bildirib ki, hazırda bu sahənin təkcə ölkə daxilində deyil, eləcə də dünya miqyasında tanıdılması istiqamətində işlər aparılır. Buna misal olaraq, Qalaaltı sanatoriyasının Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının üzvlüyünə daxil olduğunu və 2018-ci ildə Assosiasiyanın Baş Assambleyasının Qalaaltıda keçiriləcəyinə nail olunduğu haqqında məlumat verib. Azərbaycanda ilk dəfə olaraq keçirilən Şopinq Festivalı haqqında ətraflı söz açan nazir növbəti festivallarda qonşu Gürcüstanın turistlərini iştiraka dəvət edib.

Görüşdə ölkələr arasında turizm sahəsində birgə turizm məhsullarının hazırlanması, turizm şirkətlərin birgə əməkdaşlığının genişləndirilməsi istiqamətində işlər aparılması, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

Gürcüstanın naziri qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib və gələcək əməkdaşlığın uğurlu nəticələr verəcəyinə inamını ifadə edib.

Son xəbərlər

Orphus sistemi