Yuxarı

Əbülfəs Qarayev Cəlilabadda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Cəlilabadda vətəndaşları qəbul edib
© mct.gov.az

Bakı. 30 noyabr. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev noyabrın 30-da Cəlilabadda vətəndaşları qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Lənkəran, Cəlilabad, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sakinləri iştirak ediblər.

Qəbuldan öncə nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılıb. Lənkəran şəhərindən qəbula yazılan sakinlər Bəlləbur kəndində yerləşən “Bəlləbur” qalasında arxeoloji işlərin aparılması, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Cəlilabad sakinlərinin müraciətləri Göytəpə şəhərində yerləşən kilsənin təmir-bərpa olunması, Təzəkənd klubunun mədəniyyət evinə çevrilməsi, işlə təmin olunma barədə olub.

Astaradan qəbula gələn vətəndaşlar rayonun Tarix-diyarşünaslıq muzeyinin bəzi eksponatlarının bərpa olunması, Mərkəzləşdirilmiş kitabxana sisteminin 80 illik yubileyinin qeyd edilməsinə köməklik göstərilməsi barədə müraciət ediblər.

Lerik və Masallı rayonlarından qəbula gələnlər ölkədə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin əməkdaşlarının iş təcrübəsinin qarşılıqlı şəkildə öyrənilməsi məqsədilə mübadilə səfərlərinin təşkili, bölgələr üzrə milli geyim festivalının keçirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıblar.

Bundan əlavə, Yardımlı rayonunun kənd kitabxanalarının yerli yazarların əsərləri və diyarşünaslıq materialları ilə təmin olunması, ölkə kitabxanalarının fəaliyyətini əks etdirən illik məlumat bülletenlərinin nəşr olunması barədə də nazirə müraciət edilib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi