Əbülfəs Qarayev Azərbaycan turizm sənayesinin nümayəndələri ilə görüşüb

Əbülfəs Qarayev Azərbaycan turizm sənayesinin nümayəndələri ilə görüşüb Turizm sənayesi nümayəndələrinin təklifləri dinlənilib
Mədəniyyət siyasəti
4 Fevral , 2016 14:49
Əbülfəs Qarayev Azərbaycan turizm sənayesinin nümayəndələri ilə görüşüb

Bakı. 4 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan turizm sənayesinin aparıcı nümayəndələri ilə görüşüb. 

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, "Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək", "Kənd Yaşıl Turizminin İnkişafına Dəstək" ictimai birliklərinin rəhbərləri, aparıcı turizm şirkətləri və mehmanxana rəhbərləri iştirak ediblər.

Ə.Qarayev bildirib ki, son illər qeyri-neft sektorunun inkişafında turizm sahəsi prioritet olub. O, növbəti illərdə də turizm sənayesinin yeni mərhələdə inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı digər sahələrdə olduğu kimi, turizm sahəsində də öz bəhrəsini verib və bu sahədə bir sıra dövlət proqramları təsdiqlənib.

Daha sonra nazir turizm sənayesi nümayəndələrinin assosiasiya rəhbərləri ilə yeni turizm məhsullarının yaradılması istiqamətində birgə işlər həyata keçirilməsi ilə bağlı tapşırıqlar verib. Azərbaycana turistlərin cəlb olunması üçün yaradılacaq yeni turizm məhsulunun indiki mərhələdə vacibliyi qeyd olunub.

Görüşdə eyni zamanda, 4 assosiasiyanın vahid, koordinasiya olunmuş qaydada turistlərin cəlb olunması üçün birgə fəaliyyət göstərmələrinin əhəmiyyəti də müzakirə edilib.

Nazir kino sənayesinin də turizmin inkişafındakı əhəmiyyətli rolundan danışaraq bildirib ki, bir sıra dünya ölkələrinin təcrübəsində olduğu kimi Azərbaycanda da filmlərin çəkilişləri üçün təbiət, iqlim və bütün texniki baza mövcuddur. Ə.Qarayev bu istiqamətdə xarici ölkələrin kino sənayesi ilə məşğul olan şirkətlərinin filmlərinin Azərbaycanda çəkilişlərinin həyata keçirilməsi üçün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə turizm sənayesi nümayəndələrinin birgə əməkdaşlıq etməsinin vacib olduğunu vurğulayıb. O, Bu fəaliyyətin yeni turizm məhsulunun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Nazir deyib ki, turizm sahəsi müasir texnologiya dünyasından geri qalmamalıdır: "Turizmin inkişafında elektron texnologiyalardan istifadə edilməli və bu sahədə yeni nəticələr əldə olunmalıdır. Mədəniyyət və Turizm Nazirliyinin layihəsi olan “GoMap”-in son dövrlər turizm sahəsinə verdiyi töhvələr buna misal ola bilər. Bu layihənin daha da geniş tanıdılması və inkişaf etdirilməsi istiqamətində turizm sənayesi nümayəndələrinin də aktivlik göstərməlidir".

Həmçinin, nazir Əbülfəs Qarayev Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Turizm Peşə Məktəbi ilə turizm sənayesinin sıx əməkdaşlıq qurmasının vacibliyini vurğulayıb və bu çərçivədə treninq, seminar, yay məktəblərinin təşkil olunması kimi məsələlərə toxunub. 

Turizm sənayesi nümayəndələrinin təklifləri dinlənilib

Sonda Ə.Qarayev AZTA-nın təşkilatçılığı ilə həyata keçirilən “Baku Guide Servis”in 10 müxtəlif dildə hazırladığı peşəkar bələdçilərə sertifikatlar təqdim edib. 

Son xəbərlər

Orphus sistemi