Əbülfəs Qarayev: Azərbaycan Ərəb ölkələri turistləri üçün cəlbedicidir

Əbülfəs Qarayev: Azərbaycan Ərəb ölkələri turistləri üçün cəlbedicidir ​Nazir Əbülfəs Qarayevin iştirakı ilə Azərbaycanın turizm imkanları Bəhreyn Krallığında təqdim edilib
Mədəniyyət siyasəti
10 Noyabr , 2017 21:05
Əbülfəs Qarayev: Azərbaycan Ərəb ölkələri turistləri üçün cəlbedicidir
Report/ Orkhan Azim

Bakı. 10 noyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın turizm potensialının Körfəz ölkələrində tanıdılması, ölkəyə turist axının daha da artırılması çərçivəsində mütəmadi layihələr və təqdimatlar keçirir. 

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, növbəti təqdimat nazir Əbülfəs Qarayevin rəhbərliyi və Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə Bahreyndə baş tutub.

Tədbirdə “Gulf Air” şirkətinin direktoru Valed Abdul Hameed Əl-Əlavi, Azərbaycanın Körfəz ölkələri üzrə turizm nümayəndəliyinin rəhbəri Rəşid əl-Nuri, 50-dən çox turizm şirkətinin və mehmanxananın rəhbəri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Ə.Qarayev Azərbaycanın turizm sahəsinin son illər sürətlə inkişaf etdiyini, ölkəyə gələn turistlərinin sayının nəzərəçarpan dərəcədə artdığını, xüsusilə ərəb ölkələri turistləri üçün ölkəsinin cəlbedici olmasını qeyd edib. Bildirilib ki, Azərbaycan Prezidentinin imzaladığı silsilə sərman və sərəncamlar nəticəsində Körfəz ölkələrindən Azərbaycana gələn turistlər üçün hava limanlarında viza almaq imkanı yaradılıb. Eyni zamanda "Asan Viza" sistemi vasitəsilə üç gün müddətində elektron qaydada vizaların əldə olunması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, turistlərin rahat və təhlükəsiz səfərlərinin təşkil olunması qeyd olunan normativ-hüquqi bazanın yenilənməsinin məntiqi nəticəsidir.

Nazir Bəhreyn turistlərinin ölkəmizə daha çox səfər etməsində maraqlı olduğunu, Azərbaycanın bu ölkədən olan turistlərin də sayının artırılması üçün hər cür imkanların olduğunu, ölkənin təbliğatının genişlənəcəyini qeyd edib, təqdimatda iştirak edən turizm sənayesi nümayəndələrini bu əməkdaşlıqda aktiv fəaliyyətə dəvət edib. Həmçinin Bəhreyn turistlərinin səfərləri üçün mədəni, dini, sağlamlıq, dağ-xizək, şopinq, ov və s. turizm növlərinin Azərbaycanda mövcud olması bu əlaqələrin daha da inkişaf etməsi üçün imkanlar yaradır.

Daha sonra Rəşid əl-Nuri ölkənin təqdimatını keçirib, Azərbaycanı turizm ölkəsi kimi cəlbedici edən imkanlardan, o cümlədən iqlimin əlverişliliyi, insanların qonaqpərvərliyi, İslam dininə uyğun olaraq halal turizm imkanlarının mövcud olmasından bəhs edib. Qeyd olunub ki, son illər Körfəz ölkələri ilə sıx fəaliyyət nəticəsində Azərbaycana birbaşa uçan ərəb ölkələrinə məxsus hava yollarının sayı artıb.

Son xəbərlər

Orphus sistemi