Yuxarı
    Bağlamaq

    DTX-nin Mədəniyyət Mərkəzi Sumqayıtda balaca tamaşaçıların görüşünə gəlib

    Bakı. 10 yanvar. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi yanvarın 10-da Sumqayıt Dövlət Dram Teatrında balaca tamaşaçıların, məktəblilərin görüşünə Azərbaycan uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiqin sevilən personajlarından biri Tıq-tıq xanımın yeni sərgüzəştləri ilə gəlib.

    "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi Zəhra Quliyevadır. Xoş ovqatlı və yaddaqalan musiqili nağıl-tamaşa “Tıq-tıq xanımın saxta babası” adlanır.

    DTX-nin İctimai əlaqələr şöbəsinin rəisi Arif Babayev jurnalistlərə açıqlamasında tamaşanın nümayiş etdirilməsində məqsədin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla reallaşdırdığı dövlət-gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənc nəslin, o cümlədən uşaqların və yeniyetmələrin vətənpərvərlik, azərbaycançılıq, milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyəsi, eyni zamanda, onların asudə vaxtlarının səmərəli təşkili işinə töhfə vermək olduğunu bildirib.

    “İlk dəfədir DTX-nin Mədəniyyət Mərkəzi Bakı şəhərindən kənarda belə tədbir keçirir. Bu cür tədbirlərin respublikamızın digər şəhər və bölgələrində də keçirilməsi planlaşdırılır. DTX-nin Mədəniyyət Mərkəzinin istedadlı kollektivi bu istiqamətdə bütün yaradıcılıq qüvvəsini və bacarığını sərf edir. Zənnimcə, bugünkü tamaşa uşaqları sevindirəcək, valideynlərin rəğbətini qazanacaq, hər kəsin zövqünü oxşayacaq”, - deyə Arif Babayev qeyd edib.

    Orijinal və müasir tərtibatda səhnələşdirilən tamaşada hadisələrin süjet xətti uşaqlıqdan hamımızın adət etdiyimiz Tıq-tıq xanımın başına gələnlərdən fərqli məcrada cərəyan edir.

    Bayram əhval-ruhiyyəli, şən musiqiləri, sevimli mahnıları, rəngarəng kostyumları, dekorasiyaları və işıq effektləri ilə uşaqları riqqətə gətirən, göz qamaşdıran və anşlaqla keçən tamaşada Tıq-tıq xanımın Yeni il bayramı üçün Şaxta babanı axtarması zamanı üzləşdiyi macəralardan bəhs edilir. Baş qəhrəman Tıq-tıq xanımın ən birinci arzusu Şaxta babanı tapmaq və onun Qar qızı olmaqdır.

    Uşaqlarla yanaşı, böyüklər tərəfindən də böyük maraqla izlənilən tamaşada Tıq-tıq xanım obrazını 6 yaşlı aktrisa Nuray Rəhman canlandırıb. Digər yaddaqalan obrazları Mədəniyyət Mərkəzinin aktyorları ilə birgə DTX-nin əməkdaşlarının övladları oynayıb.

    Balacaların məhəbbətini, böyüklərin xoş təəssüratını qazanan tamaşanın sonunda uşaqlar obrazları yaradan aktyorlarla xatirə şəkilləri çəkdiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi