​Çingiz Fərzəliyev Gürcüstanın “Şəfəq” ordeni ilə təltif olunub

​Çingiz Fərzəliyev Gürcüstanın “Şəfəq” ordeni ilə təltif olunub O, bu mükafata Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin və milli mədəniyyətlərin inkişafındakı xidmətlərinə görə layiq görülüb
Mədəniyyət siyasəti
13 May , 2016 18:44
​Çingiz Fərzəliyev Gürcüstanın “Şəfəq” ordeni ilə təltif olunub

Tbilisi. 13 may. REPORT. AZ/ Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev Gürcüstanın ali mükafatı “Şəfəq” ordeni (Siani) ilə təltif olunub.

"Report" xəbər verir ki, Ç.Fərzəliyev bu mükafata Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin və milli mədəniyyətlərin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Giorqadze mayın 13-də ordeni Milli Tarix Muzeyində Çingiz Fərzəliyevə təqdim edib. Nazir bildirib ki, Ç.Fərzəliyevin yaradıcılığına Gürcüstanda böyük maraq var: "Xalqlarımız və ölkələrimiz arasındakı dostluq və mədəni əlaqələrin inkişafında mühüm rol oynayan Ç.Fərzəliyevin xidmətləri Gürcüstanda daim yüksək qiymətləndirilib. Onun Gürcüstanın ali mükafatı – “Şəfəq” ordeninə layiq görülməsi rəssamın yaradıcılığına və xidmətlərinə verilən yüksək qiymətin təzahürüdür".

Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn çıxış edərək, "Azərbaycanın əməkdar incəsənət xadimi" Çingiz Fərzəliyevin Gürcüstanın “Şəfəq” ordeninə layiq görülməsini yüksək qiymətləndirib. Bildirib ki, bu, həm də Gürcüstan prezidentinin Azərbaycan mədəniyyətinə verdiyi qiymətdir. Səfir bu diqqətə görə Gürcüstan prezidentinə təşəkkürünü bildirib

Gürcüstan Mədəni Dialoq Assosiasiyasının direktoru Valeri Asetiani, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva və başqaları çıxış edərək, Ç.Fərzəliyevin yaradıcılığından, iki ölkə arasındakı mədəni əlaqələrin inkişafından söz açıblar.

Çingiz Fərzəliyev jurnalistlərə müsahibəsində deyib: “Bildiyiniz kimi, bu il Azərbaycanda multikulturalizm ili elan olunub. Belə bir vaxtda Gürcüstanın “Şəfəq” ordeni ilə təltif olunmağımı təkcə mənim yaradıcılığıma deyil, bütövlükdə Azərbaycan mədəniyyətinə, miltikultural dəyərlərimizə verilən qiymət kimi dəyərləndirirəm”.

Mixail Giorqazde isə bildirib ki, Azərbaycanla Gürcüstan arasında əlaqələr bütün sahələrdə, eləcə də mədəniyyət sahəsində inkişaf edir, genişlənir: "Biz çalışırıq ki, ölkələrimiz arasında mədəni əlaqələr daha da möhkəmlənsin. Gürcüstanda bu ordenə mədəniyyətimizin, incəsənətimizin və mədəni əlaqələrimizin inkişafında xüsusi xidmətləri olan insanlar layiq görülüblər. Çingiz Fərzəliyev bu ordenə layiq görülən ilk xarici vətəndaşdır".

Mərasimdə Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, “SOCAR Georgia Petroleum”un baş direktoru Mahir Məmmədov, Gürcüstanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi