Caspian European Club Mədəniyyət və Turizm Nazirliyi ilə birgə biznes-forum keçirəcək

Caspian European Club Mədəniyyət və Turizm Nazirliyi ilə birgə biznes-forum keçirəcək Biznes-forum sentyabrın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə təşkil ediləcək
Mədəniyyət siyasəti
31 Avqust , 2015 20:13
Caspian European Club Mədəniyyət və Turizm Nazirliyi ilə birgə biznes-forum keçirəcək

Bakı. 31 avqust. REPORT.AZ/ Sentyabrın 9-da Caspian European Club Mədəniyyət və Turizm Nazirliyi ilə birgə biznes-forum keçirəcək.

"Report" xəbər verir ki, biznes-forum çərçivəsində turizmin inkişaf perspektivləri, dünya iqtisadi böhranının Azərbaycanın turizm sahəsinə təsiri məsələləri gözdən keçiriləcək, Caspian European Club çərçivəsində dövlət strukturlarının biznes nümayəndələri ilə əməkdaşlığının genişləndirilməsinin perspektivləri müzakirə olunacaq.

Biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab almaq, Azərbaycanda turizmin inkişafı ilə bağlı problemləri müzakirə etmək və həlli yollarını tapmaq, həmçinin bizneslə dövlət arasında aktiv dialoq üçün təkliflər irəli sürmək imkanı əldə edəcək.

Sözügedən biznes-forumda Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Azərbaycan Hava Yolları” (AZAL) QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliten” QSC, iri otel və aviaşirkətlərin nümayəndələri, beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri, həmçinin müxtəlif səfirliklərin təmsilçiləri iştirak edəcək.

Caspian European Club-un üzv şirkətləri ilə yanaşı, tədbirə ASA (Azərbaycan), ASK (Azərbaycan), ATİB (AZərbaycan), TUSİAB (Azərbaycan), Gep-AFTP (Fransa), KazEnergy (Qazaxıstan) və Atamekenin (Qazaxıstan) üzv şirkətlərinin də, qatılması gözlənilir.

Qeyd edək ki, elə həmin gün Caspian European Club-un üzv şirkətlərinin nümayəndələri arasında şahmat turnirinin seçmə mərhələsi keçiriləcək. Yarımfinal və final oyunları isə 2016-cı ilin martında V Beynəlxalq Caspian Energy Forum-un gedişatı çərçivəsində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi