Budapeştin Ferens List Kamera Orkestri Heydər Əliyev Mərkəzində “Arazbarı” ifa edəcək

Budapeştin Ferens List Kamera Orkestri Heydər Əliyev Mərkəzində “Arazbarı” ifa edəcək “Biz bakılılar üçün sürpriz hazırlayırıq”
Mədəniyyət siyasəti
8 Aprel , 2016 11:18
Budapeştin Ferens List Kamera Orkestri Heydər Əliyev Mərkəzində “Arazbarı” ifa edəcək

Bakı. 8 aprel. REPORT.AZ/ Budapeştin Ferens List Kamera Orkestrinin mayın 3-də Bakıda Heydər Əliyev Mərkəzində keçiriləcək konsertinin proqramına görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik muğamı da daxildir.

Bu barədə “Report”a Heydər Əliyev Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, məşhur Ferens List Kamera Orkestri Bakıda 2011-ci ildə Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalında çıxış edib. Məhz həmin səfər zamanı kollektiv Azərbaycan musiqisi, o cümlədən dahi Üzeyir Hacıbəylinin yaradıcılığı ilə yaxından tanış olub.

“Biz bakılılar üçün sürpriz hazırlayırıq. Onlar bizim ifamızda Azərbaycan klassikinin məşhur əsərini – “Arazbarı”nı eşidəcəklər. Biz həmin əsəri Bakıda məmnuniyyətlə ifa edəcəyik. Və əlbəttə ki, konsertdə macar bəstəkarları List və Bramsın əsərlərini də təqdim edəcəyik. Onlar bizim vizit kartımızdır”, - deyə orkestrin bədii rəhbəri Peter Tfirst bildirib.

Konsertin daha bir sürprizi virtuoz-skripkaçı Yojef Lendvayın (Joszef Lendvay) solist kimi çıxışı olacaq. Onun yaradıcılığı özündə qaraçı folkloru və virtuoz klassik ifaçılığı birləşdirir. Macar “Çardaş”ı və Baxın “Çakona”sı onun individuallığının iki təzadlı yönünü təşkil edir.

Yojef Lendvay 1974-cü ildə musiqiçi ailəsində anadan olub. Onun atası Macarıstanda və beynəlxalq arenada qaraçı folklorunun ən məşhur ifaçılarından biri olub.

Yojef kiçik yaşlarından klassik musiqi təhsili almağa başlayıb; artıq yeddi yaşında o, ilk dəfə skripkaçılar müsabiqəsində iştirak etmişdi.

Y.Lendvay artıq tanınmış musiqiçidir və geniş qastrol qrafiki var. O, mütəmadi olaraq Haaqa, Berlin, Sent – Etyen, Bern, Los-Anceles, Şanxay şəhərlərində milli simfonik, Rotterdam və Los-Anceles filarmoniya, Niderland radio orkestləri ilə çıxışlar edir. Onu İvan Fişer və Saymon Rettl kimi məşhur dirijorlar öz konsertlərinə dəvət edir.

Lendvay görkəmli italyan skripka ustası Antonio Stradivarinin skripkasında ifa edir.

Qeyd edək ki, Budapeşt Kamera Orkestri artıq 53 ildir fəaliyyət göstərir. Demək olar ki, dünyanın bütün ölkələrində konsertlər verib, 200-dən artıq disk yazdırıb.

Müxtəlif mükafat və fərqlənmə nişanları ilə təltif olunan orkestri Bartok Fondu «Bartok irisinin layiqli daşıyıcısı» adlandırıb.

Yarım əsrlik fəaliyyəti dövründə orkestrin musiqiçi heyəti, bədii rəhbərləri dəyişib. Lakin üslub və yüksək ifa peşəkarlığı dəyişməz qalıb.

Orkestr Bakıya özünün “şah” proqramını – qərb klassikləri və macar musiqisinin korifeyləri List və Bramsın əsərlərini də gətirir.

Orkestrin bədii rəhbəri Peter Tfirst tez-tez soruşurlar ki, o, musiqiçilərdə peşəkarlıqla yanaşı daha hansı xüsusiyyətləri axtarır. Onun fikrincə, kollektivçilik hissi, ünsiyyət bacarığı, tolerantlıq, münaqişədən uzaq durma orkestrant üçün əsas vacib keyfiyyətlərdir.

Son xəbərlər

Orphus sistemi