Bu il Bakıda Azərbaycan və İran milli kitabxanaları arasında anlaşma memorandumu imzalanacaq

Bu il Bakıda Azərbaycan və İran milli kitabxanaları arasında anlaşma memorandumu imzalanacaq İki ölkənin milli kitabxanalarının əməkdaşlıq perspektivləri, birgə kitab sərgilərinin keçirilməsi məsələləri müzakirə olunub
Mədəniyyət siyasəti
4 İyul , 2017 16:47
Bu il Bakıda Azərbaycan və İran milli kitabxanaları arasında anlaşma memorandumu imzalanacaq

Bakı. 4 iyul. REPORT.AZ/ İran Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında anlaşma memorandumu bu il Bakıda keçiriləcək Beynəlxalq kitab sərgisi-yarmarkasınadək imzalanmaq üçün hazırlanması qərara alınıb. 

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu barədə İranda keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində Tehranda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin İranın vitse-prezidenti, Milli Kitabxana və Arxiv İdarəsinin baş direktoru Əşrəf Burucerdi ilə görüşdə qərar verilib.

Görüşdə çıxış edən nazir bildirib ki, mədəniyyəti kitabsız təsəvvür etmək mümkün deyil. Kitablar hər bir xalqın tarixini, milli dəyərlərini və adət-ənənələrini gələcəyə daşıyan vasitədir. Bu gün Azərbaycanda 3 mindən çox kitabxana var. Bu kitabxanalardan elm adamları ilə yanaşı, tələbələr və digər peşə sahibləri də istifadə edir. Kitabxanalardan istifadəyə heç bir məhdudiyyət yoxdur. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Milli Elmlər Akademiyasının, nazirliklərin, ali və orta məktəblərin də kitabxanaları var. Kitabxanaların inkişafı üçün Dövlət proqramı həyata keçirilir. Proqrama əsasən, kitabxanalarda yeni texnologiyaların tətbiqi prosesi başlayıb. Kitabların elektron variantı hazırlanaraq istifadəyə verilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Milli Kitabxanasının kitab fondunun elektronlaşdırılması prosesi davam edir. Bu proses ölkəmizin digər iri kitabxanalarını da əhatə edir. Həmçinin elmi-tədqiqat işlərinin elektron arxivi yaradılır. Aparılan elmi araşdırmaların nəticəsində yazılan dissertasiyaların və doktorluq işlərinin nüsxələri Milli Kitabxanaya verilir. Hər il Azərbaycanın görkəmli şəxsiyyətləri, ədibləri ilə bağlı, əlamətdar tarixi günlər haqqında biblioqrafik toplular nəşr olunur.

Bildirilib ki, Azərbaycanda kitabın və mütaliənin təbliği ilə məqsədilə müxtəlif layihələr həyata keçirilir. Paytaxt Bakıda və regionlarda ənənəvi kitab bayramları təşkil olunur, yeni kitab mağazaları açılır.

Nazir qeyd edib ki, 2017-ci il Azərbaycanda Prezident tərəfindən “İslam həmrəyliyi ili” elan edilib. Bununla əlaqədar olaraq bir sıra kitablar çapa hazırlanır. Azərbaycan dövləti bu nəşrlər vasitəsilə bir daha islamın dünyada sülhpərvər din olmasını təbliğ edir.

Sonra Ə.Qarayev İranda keçirilən Azərbaycan mədəniyyət günləri ilə əlaqədar Tehran və İsfahan şəhərlərindəki proqramlar haqqında məlumat verib.

İranın vitse-prezidenti, Milli Kitabxana və Arxiv İdarəsinin baş direktoru xanım Əşrəf Burucerdi Azərbaycandan gələn hər bir qonağın onlar üçün əziz olduğunu bildirib.

Qeyd olunub ki, İranın Milli Kitabxanasında çox qədim və dəyərli əlyazmalar saxlanılır. Bunların birgə tədqiq edilməsi xalqların tarixinin daha dərindən öyrənilməsinə köməklik göstərər.

Görüşdə hər iki ölkənin milli kitabxanalarının əməkdaşlıq perspektivləri, birgə kitab sərgilərinin keçirilməsi məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

Görüşdən sonra nazir və nümayəndə heyəti İran Milli Kitabxanasında yaradılan şərait, oxu zalları, nəşrlərin qorunub saxlanılması yerləri ilə tanış olub, qədim əlyazmalara baxıb. Məlumat verilib ki, kitabxana 4 bölmədən ibarətdir. Burada həmçinin Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən 200 adda kitab yer alır. İranlı mütəxəssislər gələcəkdə kitabların sayının artırılması, müasir Azərbaycanla bağlı yeni nəşrlərin kitabxanaya göndərilməsi ilə bağlı Azərbaycan tərəfinə müraciət ediblər.

Nazir Əbülfəs Qarayev vurğulayıb ki, bu gün Azərbaycanda dövlət başçısının tapşırığına uyğun olaraq müxtəlif dillərdə olan kitablar Azərbaycan dilinə tərcümə olunur. İran Milli Kitabxanasında ölkəmizlə bağlı kitab bölməsinin olması isə ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Son xəbərlər

Orphus sistemi