Bu gün ilaxır çərşənbələrin ikincisi - Od çərşənbəsidir

Bu gün ilaxır çərşənbələrin ikincisi - Od çərşənbəsidir Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir
Mədəniyyət siyasəti
28 Fevral , 2017 08:00
Bu gün ilaxır çərşənbələrin ikincisi - Od çərşənbəsidir

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanda od çərşənbəsi qeyd olunur. 

"Report" xatırladır ki, od çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbədir.

Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Od çərşənbəsinə bəzən "Üzgü çərşənbə", "Üzgü axşamı", "Addı çərşənbə" də deyirlər.

Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.

Odla bağlı xeyli atalar sözü yaranıb: "Od imandır", "Od düşdüyü yeri yandırar", “Od çərşənbəsində ocağı boş qoymazlar”, “Ocağı şər vaxtı söndürməzlər”... İnanclara görə, ocağa yaxınlaşanda salam verərlər, od hisli olarsa, uzaqdan qonaq gələcəyinə işarədir. Əgər ocaq yananda səslənirsə, deməli, kimsə səndən danışır.

Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. Alqış və qarğışlarda belə, odu köməyə çağırıblar. Məsələn, "Od haqqı", "Oda düşəsən," "Ocağın odlu olsun", "Ocağın qazan görməsin" və s.

Ümumiyyətlə, bütün çərşənbələrdə od aparıcı motivdir.

Son xəbərlər

Orphus sistemi