Bolqarıstanda “Əzəmət nümunələri-Azərbaycan xalq sənəti” adlı sərgi açılıb

Bolqarıstanda “Əzəmət nümunələri-Azərbaycan xalq sənəti” adlı sərgi açılıb Sərgi iyulun 30-dək davam edəcək
Mədəniyyət siyasəti
15 İyun , 2017 16:56
Bolqarıstanda “Əzəmət nümunələri-Azərbaycan xalq sənəti” adlı sərgi açılıb

Sofiya. 15 iyun. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiya şəhərində bu ölkənin Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgi açılıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, sərgini Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Xalça Muzeyinin dəstəyi ilə Azərbaycanın Bolqarıstandakı səfirliyi təşkil edib. 

Sərgidə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, gündəlik məişəti, incəsənətini əks etdirən müxtəlif çeşidli eksponatlar – zərgərlik məmulatları, bəzək əşyaları, tikmə nümunələri, Azərbaycanın xalçaçılıq məktəbinin ənənələrini göstərən xalça məmulatları və digər maddi-mədəniyyət nümunələri nümayiş etdirilib.

Sərginin açılışında çıxış edən Bolqarıstan EA-nın Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyinin direktoru Petko Xristov bu cür tədbirlərin keçirilməsinin ölkələr arasında əməkdaşlığın, o cümlədən mədəni sahədə əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyətini qeyd edib.

O, sərgidə təqdim olunan əsərlərin Azərbaycan sənətkarlarının yüksək ustalığını nümayiş etdirdiyini və Azərbaycanın zəngin mədəniyyətinin bir hissəsi olduğunu bildirib.

Azərbaycanın Bolqarəstandakı səfiri Nərgiz Qurbanova sərginin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində təşkilindən məmnunluğunu bildirib. Diplomat sərgiyə gələn bolqar və xarici turistlərin Azərbaycanın zəngin mədəni irsindən zövq alacağına inandığını bildirib. Səfir xalq yaradıcılığının geyim və zərgərlikdən tutmuş məişət əşyaları və silahlara qədər öz zənginliyi ilə hər zaman fərqləndiyini, Naxçıvan, Mingəçevir, Gədəbəy, Gəncə və digər bölgələrdə aşkar olunan sənət nümunələrinin 5000 ildən artıq yaşı olduğunu vurğulayıb. O əlavə edib ki, Azərbaycan xalq yaradıcılığı nümunələrinin Viktoriya və Albert, Luvr, Metropolitan, Vyana, Roma, Berlin, İstanbul, Tehran, Qahirə kimi dünyanın bir çox məşhur muzeylərində nümayiş olunub.

Qeyd edək ki, sərgidə Bolqarıstanın Prezident Administrasiyası, vitse-prezidentinin ofisi, Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri iştirak ediblər. 

Sərgi iyulun 30-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi