Yuxarı

BDU-nun ilk azərbaycanlı rektorunun barelyefinin açılışı olub

BDU-nun ilk azərbaycanlı rektorunun barelyefinin açılışı olub
Tədbirdə Abel Məhərrəmov da iştirak edib

Bakı. 30 avqust. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ərəfəsində ali təhsil müəssisəsinin ilk azərbaycanlı rektoru, görkəmli ictimai xadim və yazıçı Tağı Şahbazi Simurğun yaşadığı evin qarşısında xatirə barelyefinin açılış mərasimi keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən "Report"a verilən məlumata görə, ali təhsil müəssisəsinin rektoru, akademik Abel Məhərrəmov açılış mərasiminin tarixi əhəmiyyətindən danışaraq bildirib ki, 1892-ci ildə anadan olan T.Şahbazi Bakıda birinci rus-tatar realnı məktəbində, sonra isə Xarkov Universitetinin fizika və riyaziyyat fakültəsinin tibb şöbəsində təhsil alıb. 1922-1923-cü illərdə Azərbaycan Xalq Maarif Komissarının müavini, 1923-1926-cı illərdə Mərkəzi İcraiyyə Komitəsinin katibi, 1926-1929-cu illərdə Bakı Dövlət Universitetinin rektoru, 1930-1937-ci illərdə Azərbaycan Xalq Səhiyyə Komissarının müavini vəzifələrində çalışıb. Abel Məhərrəmovun sözlərinə görə, BDU-nun ilk azərbaycanlı rektoru kimi Tağı Şahbazi universitetə rəhbərlik etdiyi 3 il ərzində çox böyük işlər görüb. Belə ki, milli dildə dərslər çoxalıb, Vətən tarixi tədris olunmağa başlayıb, milli kadrlar və tələbələrin sayı surətlə artıb. Tağı Şahbazi universitetin dörd rektorundan biri kimi repressiyalara məruz qalıb, “millətçi” damğası ilə güllələnib.

Professor Cahangir Məmmədli və T.Şahbazinin ailəsi adından çıxış edən Suğra Rzayeva tədbirin əhəmiyyətindən danışıb, görkəmli ədib və ictimai xadimin xatirəsinə göstərdiyi diqqətə görə Bakı Dövlət Universitetinin rəhbərliyi və kollektivinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, ali təhsil müəssisəsinin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirlər sırasında bir müddət öncə Rusiya Federasiyasının Stavropol vilayətinin Yessentuki şəhərində Bakı Dövlət Universitetinin yaradıcılarından biri və ilk rektoru, professor Vasili Razumovskinin də xatirə barelyefinin açılış mərasimi baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi